“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev “Media forum” saytına açıqlamasında deyib ki, qurum Kür daşqınlarının yaratdığı problemlərlə bağlı fəlakət bölgəsində aparılmış monitorinqin nəticələrinə dair aralıq hesabat hazırlayıb.
Hesabatda deyilir ki, 2010-cu ilin mayın əvvəlindən başlayaraq Kür çayının daşqınları nəticəsində Azərbaycanın 40-a yaxın rayonunda 30 mindən çox yaşayış binasının, 110 min hektar əkin və örüş sahəsinin su altında qalması ilə insanlara, təsərrüfatlara, iaşə və məişət obyektlərinə, tədris-təhsil ocaqlarına, infrastruktura, böyük həcmdə ziyan dəyib: “Rəsmi strukturlar fəlakətin baş verməsini təbiətin fəsadları ilə əlaqələndirsələr də, vətəndaş cəmiyyəti institutlarının ilkin araşdırmaları və monitorinqlər göstərir ki, problem son illər Kür və Araz çaylarının lildən təmizlənməsi, sahil bərkitmə, bəndvurma işlərinin həyata keçirilməsi, ehtiyat su anbarlarının təmir olunması və sair işlərin vaxtında həyata keçirilməməsi, bu istiqamətdə ayrılan vəsaitlərdən səmərəli istifadə olunmaması ilə bağlıdır. Təkcə 2005-2010-cu illərdə su təsərrüfatı sisteminin qurulmasi və idarə olunması ilə bağlı 1 milyard manata yaxın (750 milyon manat dövlət büdcəsindən, 200 milyon manat xarici kredit şəkilində) vəsait xərclənib.
Təəssüf doğuran haldır ki, rəsmi strukturlar fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində aparılan siyasətdə öncədən buraxılan səhvləri müxtəlif formalarda davam etdirir və ya təkrarlayırlar. Fəlakətlə bağlı yaradılan hökümət homissiyasına mütəxəssislər cəlb etməyən rəsmi strukturlar, ekoloqlarla, qeyri-hökümət təşkilatları ilə məsləhətləşmədən, ictimai müzakirə açmadan, ətraf mühitin qiymətləndirilməsi sənədini hazırlamadan kortəbi şəkildə Arazın yeni qolunun açılması, böyük vəsaitlər tələb edən fəlakət zonasından kənarda yeni yaşayış məntəqələrinin salınması kimi qərarlar qəbul etdi ki, qısa zaman ərzində bu qərarların bir qismi fiaskoya uğradı.
Hazırda Milli Məclisin qərarı ilə fəlakətin nəticələrinin aradan qaldırılmas üçün ilkin addım kimi dövlət büdcəsindən 300 milyon manat vəsait ayrılıb. Bu vəsaitlərin xərclənməsi ilə bağlı hökümət komissiyasının hələ ki, konkret proqramı və problemə yanaşma metodologiyası yoxdur. Digər narahatlıq doğruran məqamlardan biri də odur ki, fəlakətin təsirlərinə məruz qalmış insanların reabiltasiya olunması, onların sosial, psixoloji, maddı və mənəvi problemlərinin həll olunması, yerli infrastrukturun bərpa olunması istiqamətində görülən işlər və ictimaiyyətin bununla bağlı vaxtında operativ məlumatlandırılması işi yetərli səviyyədə deyil”.
Aralıq hesabat


