Mayın 17-də Media Hüququ İnstitutu (MHİ) 17 May Ümumdünya İnformasiyalı Cəmiyyət Günü ilə əlaqədar “Azərbaycanda informasiya azadlığının durumu” mövzusunda dəyirmi masa keçirib. Dəyirmi masada “Azərbaycanda ictimai bilgilərə çatım” adlanan hesabat açıqlanıb.
“Media forum” saytının məlumatına görə, hesabat informasiya azadlığı ilə bağlı milli qanunların beynəlxalq müqavilələrə uyğunluğunun araşdırılmasını, MHİ-nin, jurnalistlərin, sivil toplum quruluşları fəallarının bilgi sahiblərinə göndərdikləri 350 yazılı sorğunun icrasının araşdırılmasını, qanunla bilgi sahibi sayılan 45 qurumun internet saytının monitorinq edilməsini əhatə edib. Araşdırmalar zamanı Rusiyanın İnformasiya Azadlığının İnkişafı İnstitutunun və Türkiyənin İqtisadi və Sosial Etüdlər Vəqfinin metodoloji vasitələrindən istifadə edilib. Hesabatın hazırlanmasına ABŞ-ın Demokratiyaya Dəstək Fondu (NED) dəstək verib.
Hesabatın “Bilgilərə internet üzərindən çatım” bölümündə dövlət qurumları və məhkəmələrin internet saytlarının monitorinqinin yekunları əksini tapıb. Media Hüququ İnstitutu Rusiyanın İnformasiya Azadlığının İnkişafı İnstitutunun tərtib etdiyi metodologiya və Türkiyənin İqtisadi və Sosial Etüdlər Vəqfinin hazırladığı araşdırma metodlarından yararlanmaqla Azərbaycanın informasiya azadlığını düzənləyən hüquq konsepsiyalarının işığında 45 qurumun internet saytını monitorinq edib.
İnternet saytlarında texniki imkanlar, toplumla əlaqə, qanunvericilik bazası, büdcə bilgiləri, fəaliyyət bilgiləri, quruma aid ümumi bilgilər parametrləri üzrə 110 informasiya növü kəmiyyət və keyfiyyətinə görə incələnib.
Monitorinqin yekunlarına görə, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın saytı daha yüksək informasiya açıqlığı səviyyəsinə malikdir. Araşdırılan 110 növ informasiyanın 64,3%-i komissiyanın saytına daxil edilib. Reytinq cədvəlində 2-ci 3-cü yerləri Vergilər və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytı tutub. Həmin saytların informasiya açıqlığı səviyyəsi müvafiq olaraq 64% və 63,8% olub. Ən zəif iformasiya açıqlığı Diasporla İş üzrə Dövlət Komitəsinin saytında qeydə alınıb. Komitənin saytının informasiya açıqlığının səviyyəsi 21% olub.
Araşdırma çərçivəsində MHİ 15 məhkəmənin internet saytını ayrılıqda monitorinq edib. Məhkəmələrin internet saytlarının monitorinqi zamanı 45 növ informasiya kəmiyyət və keyfiyyət parametrləri üzrə araşdırılıb. Monitorinqin nəticələri göstərir ki, Göyçay Rayon Məhkəməsinin saytı informasiya açıqlığı səviyyəsinə görə digər məhkəmələrdən öndədir. Rayon məhkəməsi açıqlamalı olduğu informasiyaların 67,2%-ni öz saytına daxil edib. Məhkəmələrin reytinq cədvəlində 2-ci və 3-cü yerləri Şirvan və Bakı Apellyasiya məhkəmələri tutublar.
Hesabatın “İnformasiya sorğularının icra durumu” bölümündə qeyd edilir ki, yazılı sorğular vasitəsilə bilgilərin istənilməsi hazirda Azərbaycanda informasiya əldə etmək üçün istifadə edilən ən geniş yayılan vasitədir. Araşdırma çərçivəsində sentyabr 2009-aprel 2010 tarixləri aralığında “İnformasiya əldə etmək haqqında” qanunda ictimai bilgi daşıyıcısı hesab olunan subyektlərə göndərilmiş 350 yazılı bilgi sorğusunun icra vəziyyəti monitorinq edilib. Həmin bilgi sorğuları vasitəsilə əsasən yuxarı pillədə dayanan qanunverici və icra qurumlarından qanunvericiliklə açıq sayılan, internet saytlarında yerləşdirilməli olan bilgilər istənilib.
Hesabata görə, bilgi sahibləri 350 yazılı sorğunun 188-nə cavab veriblər. Sorğuların 53,7 %-i cavablandırılıb. Bu göstərici Media Hüququ İnstitutunun “İnformasiya əldə etmək haqqında” qanunun qəbul edilməsindən sonra apardığı davamlı araşdırmalara görə ən yüksək göstəricidir. Əvvəlki illərdə cavablandırılan sorğuların uyğun göstəricisi 40%-dən yüksək olmayıb. Cavabların heç biri qısa zamanda (3 iş günü ərzində) təqdim edilməyib. 40 bilgi sorğusuna 7 iş günü ərzində cavab göndərilib. 7 gün ərzində göndərilən 40 cavabın 11-də bilgi sahibləri istənən bilgini verməkdən imtina ediblər. 10 sorğu natamam cavablandırılıb. Sorğulara verilən 188 cavabdan 148-i 25 gün ərizində göndərilib. Həmin cavabların 51-də informasiya sahibləri istənilən bilgini verməkdən imtina ediblər. 40 cavab natamam olub. 57 cavab istənilən bilgiləri tam əhatə edib.
Beləliklə, 350 informasiya sorğusundan ümumilikdə 76-ı (21,7%) tam cavablandırılıb. MHİ-nin illər üzrə araşdırmalarına görə, bu, qeydə alınan ən yüksək göstəricidir. Əvvəlki illərdə uyğun göstərici 15%-in altında olub. Sorğuları qanunvericilikdə nəzərdə tutulan qaydada və məzmunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Nəqliyyat Nazirliyi, Gənclər və İdman Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Statistika Komitəsi cavablandırıblar. 162 informasiya sorğusuna ümumiyyətlə cavab verilməyib. Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Baş Prokurorluq, Dövlət Sosial Müdafiə Fondu onlara ünvanlanmış sorğuların heç birinə cavab verməyiblər.
![]() |
|
|
|
|
|
|




.jpg)
.jpg)
.jpg)