2010-cu ilin yanvar, fevral, mart aylarında Azərbaycan Silahlı Qüvvələri 27 hərbi qulluqçusunu itirib, 25 hərbçi yaralanıb. “Media forum” saytı bildirir ki, bu məlumat "Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin 2010-cu ilin birinci rübündə Azərbaycan Silahlı Qüvvələrindəki itkilərə dair hesabatında açıqlanıb.
Hesabatda deyilir ki, ilin ilk üç ayında Silahlı Qüvvələrdə 2 nəfər xəstəlik, 5 nəfər erməni gülləsi, 6 nəfər intihar, 8 nəfər qeyri-nizamnamə hərəkətləri, 5 nəfər təyyarə və avtomobil qəzaları nəticəsində, 1 nəfər isə müəmmalı halda dünyasını dəyişib.
İtkilər daha çox Daşkəsəndəki hərbi hissədə baş verib (6 nəfər). İtkilərin çox olduğu digər hərbi hissələr Bakı şəhəri (5), Füzuli (3 nəfər) və Ağdam rayonları ərazisindədir.
Yanvar ayında 9, fevralda 8, mart ayında 10 itki olub. Dünyasını dəyişən hərbçi qulluqçulardan 26 nəfəri Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə, 1 nəfəri isə Daxili Qoşunlarda xidmət edib.
2010-cu ilin ilk rübündə Azərbaycan Silahlı Qüvvələrində yaralanan və ya müxtəlif bədən xəsarəti alan hərbi qulluqçuların sayı isə 25 nəfərdir. Bu dövrdə 6 nəfər erməni gülləsindən, 6 nəfər qeyri-nizamnamə hərəkətlərindən, 1 nəfər mina partlayışından, 12 nəfər avtomobil qəzasından yaralanıb və ya xəsarət alıb.
“Doktrina” mərkəzi bildirir ki, 2010-cu ilin ilk rübündəki itkilər ötən beş-altı ilin eyni dövrləri ilə müqayisədə təxminən iki dəfə artıqdır.
2009-cu ildə Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda baş vermiş itkilərin ümumi sayı 63 nəfərdən çox olmuşdu. Bu göstərici 2008-ci ildə ən azı 72 nəfər, 2007-ci ildə 62, 2006-cı ildə 48, 2005-ci ildə 39, 2004-cü ildə 35, 2003-cü ildə 75 nəfər idi.
2009-cu ildə baş vermiş itkilərin 13-ü döyüş (8-i erməni gülləsi, 4-ü mina və sursat partlayışı, 1-i əməliyyat), qalanları isə qeyri-döyüş itkiləri idi. 2009-cu ildə qeyri-nizamnamə hərəkətlərindən 20, xəstəlikdən (zəhərlənmədən) 7, intihardan 6, qəzalardan 10, bədbəxt və naməlum hadisədən 7 hərbi qulluqçu dünyasını dəyişmişdi.
Araşdırmalar göstərir ki, nizamnamədənkənar hadisələr həm də intiharlara, fərarilik hallarının artmasına səbəb olur.
"Doktrina" bildirir ki, 2010-cu ilin ilk rübündə qeyri-nizamnamə hallarının pozulması üzündən baş vermiş itkilərin əsas səbəbi ehtiyatsızlıq və hərbçilərin bir-birlərinə qarşı silah qaldırmasıdır.
2009-cu ildə də dünyasını dəyişənlərin əksər hissəsi Müdafiə Nazirliyinin hərbi qulluqçuları idi (55 nəfər). 2009-cu ildə 40 hərbi qulluqçu yaralanmış və ya xəsarət almışdı.
"Doktrina" mərkəzinin hesablamalarına görə, 2003-cü ildən 2010-cu ilin ilk rübünün sonunadək - 87 ay ərzində Azərbaycan Silahlı Qüvvələri ən azı 421 hərbi qulluqçusunu itirib. Bu dövrdəki itkilərin 154-ü döyüş itkiləridir (127 nəfəri erməni gülləsi, 21 nəfər mina və sursat partlayışı, 4 nəfər əməliyyat tədbirləri). Həmin dövrdəki itkilərin 269-u isə qeyri-döyüş itkiləridir (56 nəfər intihar, 42 nəfər qəza, 87 nəfər qeyri-nizamnamə hərəkətləri, 38 nəfər bədbəxt hadisələr, 16 nəfər müəmmalı və naməlum hadisələr, 30 nəfər müxtəlif xəstəliklər).
Ümumilikdə, 2003-cü ildən bəri bu və digər səbəbdən yaralanan və xəsarət alan hərbi qulluqçuların sayı 328 nəfərdən çoxdur.
İtkilərlə bağlı rəqəmləri "Doktrina" mərkəzi KİV və elektron informasiya vasitələri üzərində apardığı monitorinq nəticəsində ortaya çıxarıb. Lakin araşdırmalar göstərir ki, Azərbaycan müdafiə və təhlükəsizlik sektorunda baş verən itkilərin bir çoxu mətbuata sızmır və məlumatlara görə, bu rəqəm itkilərin ümumi sayının təxminən 25-30 faizini təşkil edir. Beləliklə, təxmin olunan rəqəmlərə görə, 1994-cü ilin may ayından – Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsi imzalanandan Azərbaycan müdafiə və təhlükəsizlik sektorunda itkilərin ümumi sayı 3500 nəfərə yaxındır.


