
Yanvarın 27-də İqtisadi Tədqiqatlar Mərkəzi “Ev təsərrüfatlarının büdcə müayinəsi metodologiyasının qiymətləndirilməsi” layihəsinin yekunlarına həsr olunmuş konfrans keçirib. “Media forum” saytının məlumatına görə, mərkəz rəhbəri Qubad İbadoğlu layihə çərçivəsində keçirilmiş sorğunun nəticələrini açıqlayıb.
QHT rəhbəri deyib: “Naxçıvan Muxtar Respublikası istisna olmaqla Azərbaycanın bütün regionları üzrə 2007-2009-cu illər ərzində təhsil, səhiyyə, sosial müdafiə kimi ictimai xidmətlərə sərf olunan xərclər 90%-ə yaxın artaraq 3,2 milyard manat təşkil edib. Təhsil xərclərinin iqtisadi təsnifat üzrə təhlili göstərib ki, vəsaitin 79%-i əmək haqlarının ödənişinə sərf edilib.
Sorğu göstərib ki, son təhsil ilində valideynlər orta hesabla 1 şagirdə görə təhsil müssisələrinə rəsmi olaraq 13,17 manat, qeyri-rəsmi olaraq 14,03 manat, ümumilikdə isə 27,22 manat vəsait ödəyiblər. Eyni dövrdə uniformalara, idman geyimlərinə, dərs və tədris vəsaitlərinə görə ödəniş 29,02 manat təşkil edib ki, bu da bütövlükdə 1 uşağın yalnız məktəblə bağlı xərclərinin il ərzində 56,24 manata bərabər olduğunu deməyə əsas verir. Nəzərə alanda hazırda ümumtəhsil məktəblərində 1,5 milyon nəfərə yaxın şagird oxuyur, onda aydın olur ki, rəsmi və qeyri-rəsmi olaraq valideynlərin şagirdlərin təhsili üçün ödənişlərinin ümumi məbləği 85 milyon manata çatır.
2009-cu ildə təhsilə ayrılan xərclər ümumi daxili məhsulun 3,1 %-ni təşkil edib ki, bu da öz növbəsində Avropa Birliyində (5%) mövcud olan orta göstəricidən aşağıdır. Sorğu göstərib ki, ailələrin 93%-i uşaqlarını məktəbəqədər təhsil müəssisələrinə göndərmir.
Son 5 illə müqayisədə 2009-cu ildə ali təhsil müəssisələrinə daha az abituriyent daxil olub və bu da orta məktəbdə təhsil səviyyəsinin aşağı düşməsi ilə izah oluna bilər. 2008/2009-cu tədris ilində şagirdlərin təxminən 23 %-i orta məktəbin buraxılış imtahanlarından kəsiliblər. Azərbaycanda səhiyyə xərcləri adambaşına 65 ABŞ dolları təşkil edir ki, bu da beynəlxalq standartlar üzrə minimal səviyyədən 35% aşağıdır. Lakin qiymətlərin artması və mövcud qeyri-formal ödənişlər ailələr üçün səhiyyə xərclərini daim artırır. Sorğu aşkarlayib ki, əhalinin 55%-nin zəruri olan dərman preparatlarını almağa imkanı çatmayıb.
Tədqiqat üzə çıxarıb ki, səhiyyənin maliyyələşdirilməsində qeyri-rəsmi ödənişlərin payı yüksək olaraq qalmaqdadır. Son illər aparılan ayrı-ayrı tədqiqatlara əsasən tibbi xidmətlərin ödənilməsində əhalinin ödənişlərinin payı 70-75 faizə çatır. Respondentlər bildiriblər ki, ötən 12 ay ərzində xəstəxanaya yerləşdirildikləri halda həkim, tibb bacısı xərcləri və sair xərclərə görə 30,53 manat, dərmanlara görə isə 34,42 manat, bütövlükdə 64,5 manat vəsait xərcləyiblər. Ev təsərrüfatlarının büdcəsindən tibbi xidmətlərin və dərmanların alınmasına yönələn vəsait il ərzində 677,5 milyon manat təşkil edir ki, bu da 2008-ci il üzrə səhiyyə büdcəsindən 1,75 dəfə çoxdur.
Sorğuda iştirak edən ev təsərrüfatlarının 16 %-i özlərini “ekstremal kasıb” hesab edir. Bu göstərici ilə rəsmi yoxsulluq səviyyəsi (11 %) arasında çüzi fərq var”.


