Ədəbiyyat

QANLI GECƏ (20 Yanvar faciəsi haqqında 20 il əvvəl yazılmış şeir)

2010-01-19 - 18:01:00



Bakıdakı 147 saylı texniki-humanitar liseyin müəlliməsi Gülsüm xanım 20 il əvvəl - 1990-cı il fevralın 9-da yazdığı, Qanlı Yanvar faciəsinə həsr olunmuş şeirini “Media forum” saytına təqdim edib. 20 Yanvar faciəsinin 20-ci ildönümündə “Media forum” saytı Qanlı Yanvara 20 il əvvəl həsr edilmiş şeiri oxucuların diqqətinə çatdırır. Şeir ilk dəfədir çap olunur.

Bir qalanın sirri kimi
Sirli oldu qanlı gecə.
“Humanist” “Qızıl ordu”nu
Ürəklərdən sildi necə...
Quduz canavarlar kimi
Qıcıdaraq dişlərini,
Yeridi şəhər üstünə,
Yeridi insan üstünə.
Silahları sağa-sola,
Yerə-göyə fırlatdılar.
Qarşısına çıxanlara -
Qoca, cavan, körpə uşaq,
Canlı-cansız demədilər,
Gördüklərin məhv etdilər,
Ərşə qalxdı nalə səsi,
Ana!” səsi, “Kömək!” səsi...
“Bala!” - deyib ayaqyalın
Küçələrə qaçana bax!
“Bakı yanır!” harayıyla
Tez özünü yola atan
Ataya bax, oğula bax.
Vətən, gəldim!” harayıyla
Evdən çıxan o ərə bax!
Arxasınca nalə çəkən,
Həyatını məhv eyləyən
Sədaqətli gəlinə bax!
“Aman Allah!” deyə-deyə
Küçələrdə qaçana bax!
Arxasınca açılacaq
“Alabəzək“ güllələrdən
Xəbərdardır bu qaçanlar,
“Ordumuzu”, vəhşiliyi
Görüb qaçdı, bu qaçanlar,
Hər tərəfdən güllələrlə
Qarşılaşdı bu qaçanlar.
Küçələrdə izi qaldı,
Səkilərdə izi qaldı,
Ürəklərdə közü qaldı
                        qaçanların.
Neçə-neçə oğlu qaldı,
Neçə-neçə qızı qaldı
Əliyalın qaçanların.
Adı Azərbaycan ilə
Birgə qaldı qaçanların.
Eyvanlarda duranlara,
Evlərində gəzənlərə,
Güllə atan tanklara bax,
Yolda durub sinəsini
Quduzların tanklarına
Sipər edən igidlərə,
                          ərlərə bax!
Yaxşı baxın, bir də baxın!
Koroğlular, Cavanşirlər
Yetişdirən yurda bax!
Azğınlaşmış “Qızıl ordu”
Bir cəhənnəm yaratdı, bax.
Qandan göllər yaratdı, bax!
Bakımızın ürəyində
Qanlar axdı igidlərdən.
Sanki Bakı cana gəldi,
Sinəsindən damar-damar
                         axan qandan.
Azərbaycan ürəyindən
                         axan qandan.
Ona baxın, yaxşı baxın!
İgid cırıb yaxasını
Durur tankın qarşısında,
“Yol vermərəm
           tapdayasan torpağımı!”
Tankı sürən bir an durur,
Gözlərindən qəzəb yağır.
“Oğlandakı hünərə bax,
                         cürətə bax?”
Göz qırpmadan
                   qıcıdıb dişlərini
İrəliyə hücum çəkir.
“Vətən!”, “Anam Azərbaycan!”
Son sözlərin deyən oldu.
Bu igidim, bu eloğlum.
Xırçım-xırçım xırçımladı,
Sızım-sızım sızıldadı,
Gizil-gizil gizildədi,
Tırtılların arasında
İgidimin sümükləri.
Axdı isti qızıl qanı
Soyuq asfalt üzərinə.
O, məhv oldu, həlak oldu
Deməyin siz bu igidə.
Bir göyərçin olub uçdu
Azərbaycan göylərinə.
Bir idisə, min-min olub
Girdi yanar ürəklərə.
Şəhid kimi, qardaş kimi,
Sirdaş kimi, oğul kimi
Yaşayacaq böyüklərin,
Kiçiklərin dillərində.
Yetişəcək, böyüyəcək
Anaların o bətnində.
Doğulacaq igidlərim.
Bir körpənin qədəmində,
Bir göyərçin uçuşunda,
Qərənfilin ləçəyində
Yaşayacaq igidlərim,
Şəhidlərim, şəhidlərim!

GÜLSÜM
09.02.1990

.

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-05-16Manat
1 Avro1.0761
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0225
1 Türk lirəsi0.3735

Hava proqnozu

Arxiv

Səsvermə

“Qarabağ” futbol komandası UEFA Avropa Liqasının F qrupunda neçənci yeri tutacaq?
1-ci yer
2-ci yer
3-cü yer
4-cü yer
        Rambler's Top100