“Mühit” Ekoloji Mühafizə İctimai Birliyi şimal rayonlarında ekoloji monitorinqi davam edir.
Birliyin rəhbəri Əziz Azəri “Media forum” saytına bildirib ki, Xaçmaz rayonunda meşələrin vəziyyəti ürəkaçan deyil: “Nabranda Xəzər sahili boyu qanunsuz balıq ovu ilə məşğul olanlara gözün üstə qaşın var deyən yoxdur. Birlik üzvləri Qusar və Quba rayonlarında işə başlayıblar. Xaçmazda olduğu kimi, Qusarda da şəhərdaxili yaşıllıqlara qulluq tələb olunan səviyyədədir. Qusarın girişində yolboyu budanmış və dibindən kəsilmiş ağacları köçürmək də olardı. Heydər Əliyev adına xiyaban nadir, qiymətli ağaclarla zəngindir.
Rayonun meşə fondu 22500 hektara çatdırılıb. Monitorinq zamanı rayon ərazisində bir dənə də olsun mişar sexinə rast gəlmədik. Qusarda meşələrin belə surətlə çoxalmasının əsas səbəblərindən biri Meşə Mühafizəsi vəBərpası İdarəsinin fəaliyyətinin nəticəsidir. Təəssüf ki, idarənin fəhlələri əməkhaqlarının azlığından gileyləndilər. Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu məsələyə diqqət yetirməsini xahiş edirik”.


