İsmayıl İSMAYILOV

Maştağada yüzlərlə dəvətikanı kolu gül açmışdı. Belə mənzərəni Abşeronda yalnız yayın ən isti çağında - avqustun sonuncu üç həftəsində görmək mümkündü. Olmazın gözəllikdi: iti tikanlarıyla vahimə yayan dəvətikanı kolları yavaşca əsən xəzridən beli üstə əyilir, kolların arasında tənha çəyirtkə ora-bura tullanır, şəhərdə təbiət üzünə həsrət qalan uşaqları qorxudurdu...
***
Düz bir il öncəydi. Tiflisə səfərə hazırlaşırdım. Heç kəsin gözləmədiyi anda Rusiya-Gürcüstan müharibəsi başladı. Deyəsən, səfər alınmayacaqdı.
Bir neçə gün sonra təşkilatçı fond Gürcüstanda keçirilməsi planlaşdırılan tədbirin İstanbulda olacağını bildirdi. Türkiyəyə uçası oldum.
Səfər gözəl keçdi. İstanbulun mərkəzi küçələrinin birindən yarım kiloqram qovrulmamış püstə aldım. Toxumlardan cücərti almağı düşünürdüm – Bakıda artıq püstə ağacı qalmayıb çünki...
Martda püstələri yekə bir qabda suya töküb bir neçə gün saxladım. Təxminən 120 toxum alındı, onları dibçəkdə, əlimə keçən qatıq bankalarında, hətta işdən gətirdiyim disk qablarında əkdim. Uzun müddət suladım, duasını da oxudum. Çoxu göyərib qurudu, bəziləri heç göyərmədi də. 10-15 cücərti salamat qaldı. Onları torpağa ötürməyin vaxtıydı. Püstə cücərtilərini dostumun Maştağadakı bağ evində əkməyə qərar verdik.
***
Dostum da Abşeron vurğunudu: saatlarla itib-batan bitki növlərindən, köhnə kişilərin bağbanlıq təcrübəsindən, əncirdən, üzümdən danışırıq.
Püstə ikimizin də ağrılı yerimizdi – çox çətin əmələ gəlir, özünə yer eləməsi, ağac olması 50-70 il zaman alır. Bu, artıq necənci cəhdimizdi - bir şey alınmır. Bazardan bahasına aldığımız ağacların hamısının kökü zədələnmiş olur. Püstənin 45-50 metrlik, torpağın dərinliyinə kimi uzanan mil kökü olur, onu zədələdinmi, ağac quruyur.
Ağacı birtəhər yetişdirsən belə, ondan məhsul almaq da qəliz məsələdi - püstə ikievli bitkidi, yəni erkəyi dişisi olmalıdı, yoxsa bar verməz, versə də, toxumların içi boş olar.
***
Ağac əkmək üçün gözəl bir yay günü seçdik. Üzümlərin dəyən vaxtıdı - bağın girəcəyindəki yeganə “kişmiş”in üzərində 20-yə yaxın salamat salxım var. Hasar dibindəki qarağat kollarının bəzi budaqları quruyub, Abşeronun yayında bu tez-tez olur, hətta qapqara qarağatlar da günün şüalarından şirəsini itirib qaxaca dönür.
Həyətin kəlləsindəki xar tut bol məhsul verib. Xar tutu yığmaq hər oğulun işi deyil, xüsusi məharət tələb edir – yanlışlıqla giləmeyvəyə toxundunmu, bitdi – üz-gözünün qaralması ilə barışıb, geyimindən də keçməlisən.
Təsadüfən biyan kökünə rast gəlirəm. Yamyaşıldı, toxumlayıb da. Deməli, kökü kəsilməyəcək. Belə qiymətli bitkini qoruyuruqmu? Toxumlarından yığıram, öz həyətimizdə əkəcəm – biyan öskürəyin əvəzolunmaz dərmanıdı, köklərini dəmləyib içdiyin anda öskürək kəsilir.
Neçə badam ağacı var, di gəl, acıdı. Calanmalıdı, amma calaq vuran yoxdu, qalmayıb. Bilgəhdə bir yaşlı kişi vardı, adına da niyəsə Andrey deyərdilər, yaxşı calaq vururdu. Elə hey üzümdən danışardı, deyərdi, üzümü bütün mövsüm boyu kəsməlisən, yəni bar verməyən erkək budaqları vaxtında götürmədin, məhsul zəif olacaq. Görəsən, hardadı indi Andrey - çoxdandı xəbərim yoxdu.
Əncir ağacı hələ iyul ayından quruyub qaxaca dönmüş varəncirlə doludu. Həyət çox sulandığından hər yerdə bolluca alaq əmələ gəlib. Tikanlar yalın ayağımı didir. Qumun istisi bədənimə yayılır, xoş ovqat yaradır. Bu istinin nə olduğunu sözlə ifadə eləmək çətindi - duyasan, yaşayasan gərək.
Bu yerdə yaxşı albalı bitir, elə ağacın dibindən balalayır, biz də yazda yerini dəyişirik. Məhsulu pis olmur.
Zəfəranın vəziyyəti pisdi, çoxdandı əl vurmuram, bütün sahəni alaq basıb. Özümə söz verirəm - sentyabrın əvvəlində bu işlə məşğul olacam.
***
Püstəni əkmək üçün uzun-uzadı yer seçirik - ayaq altında olmasın, gün yandırmasın, külək tutmasın deyə. Dibçəkləri sındırırıq, bitkinin mil kökünü zədələməyək deyə. Duasını oxuyub, bir-bir torpağa basdırır, sulayır və ətrafını daşla örtürük. İşimiz avand olsun deyirik.
***
Düz bir il əvvəl – Gürcüstanda müharibənin başlaması, mənim Tiflis əvəzinə İstanbula getməyimlə başlayan püstə hekayəti düz bir il sonra cücərtiləri torpağa təhvil verməyimizlə sona çatır. Bundan sonra püstənin torpaqdakı həyat hekayəsi başlayır. O gecə möcüzə baş verir – 1932-ci ildən bəri ilk dəfə avqust ayının bu vədəsində yağış yağır. Yağış yağdısa, əkdiyin ağac tutdu - bunu bütün bağbanlar bilir.
Səhər açılan kimi dostum zəng vurur - yağışa və püstəyə görə təbrik eləmək üçün...


