Araşdırma

KƏBİN KAĞIZI PİŞTAXTALARDA... ONU DİNİ MAĞAZALARDAN 60 QƏPİYƏ ALMAQ MÜMKÜNDÜR

2008-08-26 - 14:12:00



Nikah yaşına çatmayan qızların kəbinlə ərə verilməsi problemi aktual olaraq qalır. XXI əsrdə belə bir problemin mövcudluğu təəssüf hissi ilə yanaşı ciddi narahatlıq da yaradır. Ən maraqlısı odur ki, kəbinlə ərə verilmə halları təkcə gözdən-könüldən uzaq bölgələrdə, ucqar dağ kəndlərində yox, ölkənin mərkəzi şəhərində də qeydə alınır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu ilin 6 ayı ərzində təkcə Göyçayda nikahdan kənar 12 uşaq dünyaya gəlib. Rəsmi nikah olmadan “molla kəbiniylə” qurulan ailələrin artmasından narahat olan komitə rəhbərliyi məsələnin parlamentdə müzakirəyə çıxarılmasına hazırlaşır.

Qafqaz Müsəlmanları İdarəsi rəsmi nikahsız kəbin kəsilməsinə qadağa qoyub. Hətta bununla bağlı idarənin nəzdindəki Qazilər Şurası fətva da verib. Ancaq qanuni sənəd olmadan kəbin kəsən mollalar bu fətvaya məhəl qoymurlar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təmsilçisi Gündüz İsmayılov bildirir ki, kəbində diqqət çəkən məqam tərəflər üzərinə məsuliyyət qoyulmasıdır: “Kəbin dövlət orqanı tərəfindən kəsilibsə, deməli, ər və arvadın üzərinə konkret vəzifə düşür. Tərəflər üzərində məsuliyyət qoymayan kəbin qəbul edilmir”.

Gündüz İsmayılovun fikrincə, dövlətin kəsdiyi kəbin dini nöqteyi-nəzərdən də keçərlidir: “Ona görə də biz istəyirik ki, kəbin rəsmi nikahdan sonra kəsilsin. Çünki dini kəbin ərlə arvadın üzərinə məsuliyyət qoymur. Üzərində hüquqi məsuliyyəti olmayan kəbinin isə Allah qarşısında da keçərliyi yoxdur”.

Kəbini kim kəsə bilər?

Komitə rəsmisi bildirir ki, ailə qurmaq qərarına gəlmiş iki cins nümayəndəsi arasında kəbini yalnız savadlı və ali təhsilli din xadimləri kəsə bilər. Belə bir səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsində attestasiyadan keçmiş mollalar da əldə edir.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli komitə rəsmisinin bu fikirləri ilə həmrəydir. Hazırda Qafqaz Müsəlmanları İdarəsinin tərkibində attestasiya komissiyası fəaliyyət göstərir: “Ancaq bəzən ölü götürən molla da kəbin kəsmək səlahiyyəti almaq üçün attestasiyadan keçmək istəyir. Attestasiya Komissiyası isə həmin mollalara, axundlara dərəcələrinə görə vəsiqələr verir. Bu o demək deyil ki, həmin molla kəbin kəsə bilər. Kəbin müsəlman ailəsi üçün çox incə məsələdir, bunu hər adama həvalə etmək olmaz”.

Mollanın kəsdiyi kəbini hüquqi baxımdan “yararsız kağız parçası” adlandıran Hacı Sabir Həsənli deyir ki, Azərbaycanda yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış rəsmi nikahların hüquqi qüvvəsi var.

Rəsmi nikah olmadan kəbin kəsilməsini mövcud qanunvericilik də yasaqlayır. Ailə Məcəlləsinin 1.5-ci maddəsinə görə, kəbin kəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyil, Azərbaycan dövləti onun heç bir hüquqi əhəmiyyətini tanımır.

Maraqlıdır, qanun da, müvafiq dini instansiya olan Qafqaz Müsəlmanları İdarəsi də rəsmi nikahsız molla kəbinini qadağan eləyir. Ancaq məscidlərdə və dini icmalarda nə qanunlara, nə də fətvaya əməl olunur. Bundan başqa, ölkədə vahid formalı kəbin sənədi də yoxdur. Hazırda müəyyən dini ritual əsasında kəsilmiş molla kəbininin nə vahid blankı var, nə də şifrəsi və nömrəsi.

Kəbin kağızını hardan almaq olar?

Bəs, kəbin kağızları harda və necə hazırlanır? Məscidlər, dini icmalar kəbin blanklarını necə əldə edir?

Kiçik araşdırmadan məlum olur ki, bu məsələdə heç bir norma müəyyən edilməyib. Yəni istənilən şəxs istədiyi formada kəbin kağızları tərtib eləyib yaya bilir. Bunu Binəqədi Dini İcmasının rəhbəri Mirpaşa Bayramov da təsdiqləyir. Onun sözlərinə görə, hazırda bu cür kəbin kağızları Bakıdakı dini mağazaların çoxunda satılır. Bunlar əsasən bəzəkli “A-4” formatlı qalın kağızlardır. İçərisində kəbin kəsiləcək şəxslərin adlarının yazılması üçün boş xanalar var.

Mirpaşa Bayramov deyir ki, onun rəhbərlik etdiyi icma da həmin kağızlardan istifadə eləyir. Onun sözlərinə görə, əvvəlllər bu kağızlar sadəcə adi ağ vərəqdən ibarət olurdu: “Ancaq o, çox kobud görünürdü. Bəzən də adi dəftər vərəqi üzərində kəbin kəsir, müvafiq qeydlər edirdilər. İndikilər nisbətən səliqəli və yaraşıqlı bir sənədi xatırladır. Bu kağızlar standart vərəqdə hazırlanıb yayılır”.

Fərqli dizaynlı kəbin kağızı istəyirsən?

Başqa formalı kəbin kağızları da var. Bəzi dini icmalar nikah şəhadətnaməsi formasında kəbin sənədi hazırlayıb müştərilərinə satır. Dizaynı da icmaların özləri müəyyən edir.

Bakıdakı dini mağazaların birindən öyrəndik ki, bu blanklar ən müxtəlif yerlərdə hazırlanır və mağazalara paylanır. Ancaq onların üzərində harda, hansı müəssisə tərəfindən hazırlanıb nəşr edilməsi barədə məlumat yoxdur. Heç satıcının özü də satdığı kəbin blanklarının harda və necə hazırlandığını bilmir: “Heç bilmirəm kimdi, nəçidi... Elə bir dəfə gətirib göstərdi ki, bu kağızları alan olarmı? Mən də baxıb gördüm səliqəli kağızdır, götürdüm. O vaxtdan iki-üç aydan bir 40-50 dənə gətirir”.

Mağazada kəbin kağızı 60 qəpiyə satılır.

Qarmaqarışıqlığı aradan qaldırmaq olarmı?

Ekspertlər bildirirlər ki, bu sahədəki qarmarışıqlığın aradan qaldırılması, vahid formada kəbin kağızının hazırlanması çox vacibdir. Mirpaşa Bayramov deyir ki, Qafqaz Müsəlmanları İdarəsi vahid kəbin şəhadətnaməsi hazılayıb dini icmalara, məscidlərə paylamaqla bu sahədəki problemi həll edə bilər: “Pullu, ya pulsuz – fərqi yoxdur. Əsas odur ki, bu sənəd vahid formada olsun. Belə olsaydı, nömrələnmiş blanklarla il ərzində neçə vətəndaşa kəbin kağızı verildiyini müəyyən etmək olardı”.

Amma bəzi kəbin kəsən şəxslər də var ki, onların məscidərlə, dini icmalarla heç bir bağlılığı yoxdur. Son vaxtlar sadəcə özünü molla, din xadimi elan edib öz evində adi kağızın üzərində kəbin kəsənlər barədə də danışılır. Mirpaşa Bayramov belə halların geniş yayıldığını təsdiqləyir. Onun sözlərinə görə, kəbin kəsmə mərasimi yalnız dini icmalarda və məscidlərdə olsa və vahid formada şifrələnmiş blanklar hazırlansa, kənar müdaxilələrin qarşısı alınar.

Ekspert Türkiyədə belə bir təcrübənin geniş yayıldığını deyir. Onun sözlərinə görə, Türkiyənin Dini İşlər Qurumu bütün məscidləri və dini icmaları vahid formalı kəbin kağızları ilə təmin edir. Bu səbəbdən də İstanbulun mərkəzindəki məscidlərdə verilən kəbin kağızı ən ucqar kənddəkindən fərqlənmir.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Sabir Həsənli Türkiyə təcrübəsinin Azərbaycanda tətbiqini istisna etmir. Onun fikrincə, indi Azərbaycanda əsas məsələ kəbin sənədlərinin mərkəzləşdirilmiş qaydada və vahid formada hazırlanmasına yox, kəbinin rəsmi nikahdan sonra kəsilməsinə nail olmaqdır.

Elxan SALAHOV

.

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-04-21Manat
1 Avro1.0833
1 ABŞ dolları0.7843
1 Rusiya rublu0.022
1 Türk lirəsi0.368

Hava proqnozu

Bakı+11 .. +25oC 
Gəncə+12 .. +25oC 
Lənkəran+9 .. +22oC 
Naxçıvan+10 .. +27oC 
Quba+10 .. +23oC 
Sumqayıt+10 .. +24oC 
Şəki+9 .. +22oC 
Zaqatala+11 .. +24oC 

Arxiv

        Rambler's Top100