|
|
|
İsmayıl İSMAYILOV |
Bir söhbəti nəsə heç unuda bilmirəm. Müsahibim söyləmişdi ki, ANS-in efirində Cüzeppe Verdinin «Riqoletto» operasına həsr edilmiş 3 dəqiqəlik süjetdə «Aida», «Koroğlu» və nəhayət, «Şah İsmayıl»dan parçalar göstəriblər... Naşı tamaşaçı Verdinin bu iki operasını səhv sala bilər, amma «Koroğlu»nun, «Şah İsmayıl»ın «Riqoletto» ilə əlaqəsini anlamaq çox çətindir.
Əslində belə hallara heç təəccüblənmirsən. Çünki «Şah İsmayıl»ı «Riqoletto»ya calayan bu tip qüsurlar təkcə ANS-in yox, bütün Azərbaycan teleməkanının çox ciddi problemidir. Dünyanın özünə hörmət edən heç bir kanalı olmayan materialı efirə verməz. Yəni televiziya ilk növbədə vizual sənət növüdür, burada süjetin ideyası düşünülür, materiallar yığılır, çəkiliş aparılır, efir mətni yaradılır.
Bizim teleməkanda hər şey əksinə baş verir. Deyək ki, efirə gedəcək süjet yoxdur, yəni çəkilməyib. Ancaq materialın mətni hazırlanır, sonra isə bu hazır mətn üzərində ordan-burdan yığılmış telesüjet montaj edilir. Televiziya mətbəxində buna mətnə «plan vurmaq» deyirlər. Bu «plan vurmaq» çox vaxt ən primitiv formalar alır. Tutalım, efirdən bir iqtisadiyyat xəbəri oxunan kimi ekrana pulsayan maşın və ya pul bağlamaları gəlir.
Qiymətlərin qalxacağı haqda xəbərdə də eyni görüntülər – həmin pulsayan maşın, həmin pul bağlamaları... Yaxud Nazirlər Kabineti və ya Prezident Aparatının adı çəkiləndə bilirsən ki, bu qurumların binaları dönə-dönə göstəriləcək – bir xəbər blokunda neçə dəfə.
Bu hallar elə adiləşib ki, kanallarımız fərqinə də varmadan qışda yay, yayda qış görüntülərini efirə gətirməkdən çəkinmirlər. Sanki efir vaxtının yarıdan çoxunu arxiv materiallarından, köhnə-kürüş süjetlərdən hazırlamaq öhdəliyi götürüblər.
Bəzən, deyək ki, hansısa bir TV-nin rəhbəri efirdən öz kanalını bolluca tərifləyir, otaqları bir-bir gəzib şəraiti nümayiş etdirir, işçilərə olan qayğıdan danışır. Baxırsan ki, məsələn, işçilərin monitorları köhnə, otaqlar isə dəhşət darısqaldır. Deməli, kanal rəhbərinin sözləri heç olub getdi, çünki belə bir ifadə var ki, «şərqli eşitdiyinə yox, gördüyünə inanır». Əgər televiziyanın rəhbərliyi özü belə efirin vizual imkanlarına biganə yanaşırsa, onda departamentlər heç bu haqda düşünmək belə istəməz. Birtəhər əmələ gətirdkləri materialları tamaşaçıya sırıyarlar gedər.
Dekabrın 1-də AzTV-də zəfəran haqqında yarım saatlıq materiala baxdım. Televiziya qanunlarının kobudcasına pozulduğu yadımda qaldı.
Darıxdırıcı material idi. Ya ümumi zəfəran görüntüləri, ya da internetdən götürülmüş şəkillərdən ibarətdir görüntülərin fonunda internetdəki bir-iki yazıdan çıxarışlar monoton bir ifa tərzi ilə oxundu. Ziddiyyətlər də baş götürüb getdi. Bildirildi ki, Azərbaycanda cəmi 18 hektar sahə əkilib, hər hektardan da cəmi 6 kiloqram məhsul almaq olar. Sonra isə keçən il Azərbaycandan 385 kilo məhsul yığıldığı söylənilir ki, bunun 327-si Abşerondan, 58-i Masallıdan yığılıb. Qarışıq rəqəmlərdir. Axı hətta sovet dövründə ümumilikdə 130 hektar torpağı olan Bilgəhdəki «Zəfəran» sovxozu ən yaxşı halda 150 kiloqram məhsul yığırdı.
Daha sonra bildirilir ki, zəfəranın bizim bazarda satış qiyməti 10-15 manatdır. Bu qiymət qeyri-real, hətta dünya bazarı qiymətlərindən də yüksəkdir. Məlumdur ki, son zamanlara kimi yerli zəfəranın qiyməti 1-2, indisə 3-4 manat civarında dəyişir.
Bax belə: material qarışıq informasiyarın yığımından ibarət kokteli xatırladır.
Niyə televiziyalarda süjetlər qaydası ilə çəkilmir? Niyə kanallarımızda dinamik çəkilişlər əvəzinə monoton görüntülər və darıxdırıcı ifayla oxunan informasiyalar üstünlük təşkil edir?
Televiziyaların tamaşaçı toplamaq marağı yoxdur və telekanallar üçün hansısa reytinq sistemi mövcud deyil. Heç bir kanal öz reytinqini artırmağa cəhd etmir. Qeyri-peşəkarlar zay məhsullarını heç bir maneə olmadan bazara çıxara bilirlər. Azərbaycan mətbuatında teletənqidçilərin yox dərəcəsində azlığı, ictimai qınaq mexanizminin işləməməsi də televiziyalarda özbaşınalığı artırır. Bir də sirr deyil ki, telekanallarımızda çap mediasından gələnlər üstunlük təşkil edir. Bu insanlar televiziyada uzun illər çalışmalarına baxmayaraq hələ də qəzet ab-havası ilə yaşayır, süjetlə yox, mətnlə işləməyə üstünlük verirlər.
Görünür, gerçək bazar iqtisadiyyatı, gerçək rəqabət mühiti olmayınca professionallğa bu cür dırnaqarası münasibət də davam edəcək.
Müəllifin mövzu ilə əlaqədar digər yazılarına bax:
TELEVİZİYALARIMIZIN MİN DƏRDİ VAR. MİN DƏRDİN MİN BİR DƏRMANI DA OLSUN GƏRƏK
EFİRDƏ XARİCİ DİLLƏRƏ QADAĞANIN ANADOLU TÜRKCƏSİNDƏN YAN ÖTMƏSİ DİLİMİZƏ ZİYAN VURA BİLƏR
NİYƏ APARICILARIMIZ QÜSURLU DANIŞIR?
TELEVİZİYAMIZIN YAY QAYĞILARI
TELEAPARICILARIMIZIN CAZİBƏ QÜVVƏSİ YOXDUR. NİYƏ YOXDUR?



