Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Ədəbiyyat
print

İSMAYIL İSMAYILOVUN HEKAYƏLƏRİ

2006-07-21 - 13:39:00

İsmayıl İsmayılov 1967-ci il aprelin 27-də Bakı şəhərində anadan olub. 1984-cü ildə 132 nömrəli məktəbi bitirib. Ali təhsilini Rostov Dövlət Universitetində alıb. 1991-ci ildə RDU-nin filologiya fakültəsini bitirib.
Bədii yaradıcılığa 2004-cü ildə “Ulduz” jurnalında çap olunan “Çuxur”, “Tənhalıq haqqında üç etüd” hekayələri ilə başlayıb. Əsasən kiçik həcmli hekayələr yazmaqla məşğuldur. Hazırda “Media forum” saytında çalışır.

 


Havadan zəfəran iyi gəlir

Bilgəh avtobusundan yerə düşən kimi təmiz hava ciyərlərimə dolur. Nəsə ətrafda məstedici bir iy duyulur. Bu iy beynimdəki bütün mənfi fikirləri qovur və məni başqa aləmə aparır. Kəndin böyüməkdə olan qəbiristanlığının yanı ilə öz həyətimizə doğru gedirəm. Hər kəs öz işi ilə məşğuldur. Üz-üzə gəldikdə isə adətən uşaqdan böyüyə kimi hamı salamlaşır.

Yol qırağından kəndə yaxınlaşdınca məstedici iy daha da güclənir və aradabir peyin iyinə qarışır. Ayağımın altında qum dənələrinin xırçıltısı eşidilir. Adətən yerdə uzanan qara it son dərəcə biganəliklə ətrafı seyr edir.Öz həyətimizin qapısını açıb içəri keçəndə balaca itimiz quyruq bulayır və elə bilir ki, ona nəsə yeməli bir şey verəcəyəm.

Bir qədər irəli getdikdən sonra həyətimizi başdan ayağa bənövşəyi görürəm. “Havadan zəfəran iyi gəlir,”- ildırım sürətilə beynimdən keçən fikir – mənim bütün varlığıma sahib olur. Sıralarla uzanan bənövşəyi rəngli zəfəran gülləri ətrafa elə gözəllik verir ki, bunu sözlə ifadə etmək olmur. Onda elə qüdrət var ki, bütün yan-yörəsini xüsusi aura ilə bəzəyir.

Necə ki, dəniz qırağında insan öz pis fikirlərindən azad olaraq dənizə qarışır, beləcə də bu zəfəranlıqda onunla birləşərək vəhdət təşkil edirsən. Gün işığı gücləndikcə bütün güllər öz ləçəklərini açırlar. Belə halda bir qədər kədər hissi keçirirsən, çünki artıq zəfəranı yığmaq lazımdır. Axı bu gözəlliyə necə qıyasan? Dərməsən də bir qədər sonra başını yerə qoyacaq. Həm də zəfəran gülünü məhv edən kəpənəklər öz işlərini görürlər. Hələliksə gözəllik və mənəvi təmizlik şəraitində özümü xoşbəxt hss edirəm. Ətrafdakı sanballı tut, zeytun, ərik, alma ağacları da balaca zəfəranın qüdrəti qarşısında baş əyirlər və onu sükutla salamlayırlar.



Yol əhvalatı

Adətimcə avtobusun arxa oturacağına əyləşdim. Dəyib dolaşan olmur, həm də rahat gedirəm də ... Birdən salon elə bil işıqlandı. O ətrafına boylandı və gəlib mənim yanımda əyləşdi. Boş yerlər çoxdu, amma o məhz mənim yanımda oturdu. Sadəcə olaraq arxası yola tərəf getməyi sevmirdi. Yoxsa mənə heç baxmazdı da... Bu iş rahatlımı pozdu və daxilimdə bir sunami yaratdı.
 
Aman Allah, onun gün işığında parıldayan şabalıdı saçları nə qədər gözəldi! Külək onları tərpətdikcə o onları çox arxayınlıqla düzəldirdi. Qara çatma qaşları , ağappaq sifəti, əlləri və mərmər kimi tərtəmiz sinəsi məni məst edirdi. Ona tərəf baxmaqdan boynum əyildi. O mənə əziyyət verməkdən həzz alırdı və saçlarını sığallayırdı. Ha çalışdım ki, bir söz deyim, deyə bilmədim. Boğazım qurudu. Heç olmasa telefonunu öyrənə bilsəydim! Dayanacağa çataçatda ağ rəngli çantasını açıb oradan pul çıxartdı. Onu əlində sıxdı. Bir qədər sonra nə düşündüsə çantanı açıb oradan axtarıb metro jetonu tapdı. Görəsən niyə bunu mənə göstərdi? Sonra isə avtobusdan düşüb getdi. Mən tərəfə heç baxmadı da. Mənsə bazara getdim, çünki kartof və soğan almalıydım...

 

Vasvasının monoloqu

Ay qardaş, yerimdən tərpənməyə qorxuram. Soruşarsız ki, niyə? Yan-böyrüm toz dənəcikləriylə doludu. Artıq hərəkət eləsəm, dolallar burnuma, qulağıma. Ürək- ciyərim onsuz da bərk ağrıyır. A kişilər, belə də iş olar? Adam çörək yeməyə, su içməyə qorxur. Mikroblar, bakteriyalar bizi basıb. Vallah, əlimdə bir qaz balonu olsaydı, hamısını yandırardım. Doğrusu heç qaz balonuna əl vura bilmirəm. Onda da bir şey olar.

O gün bizimkilər bir tərifli təndir çörəyi gətirdilər. Ətrafımı yaxşı-yaxşı silib təmizlədilər. Bəh-bəh, kərə yağı, təndir çörəyi, pürrəngi çay, ağzım sulandı. Elə bilirsiz, rahatca yemək yeyə bildim? A töbə! Stəkan gözümə çirkli göründü, süfrədə isə yekə bir ləkə tapdım. O dəqiqə səsim evi bürüdü. Xasiyyətimi bilirlər də... Süfrə silindi, çay dəyişdirildi. Elə birinci tikəni ağzıma aparmışdım ki, nə isə xırçıldadı. Az qala ürəyim getmişdi. Məni bir təhər özümə gətiriblər.

Görürəm ki, bu tərifli təndir çörəyinin içində xırdaca çaydaşı var. Bütün iştaham pozuldu. Elə o gündən acam. Ha, fikirləşirəm ki, bir yaxşıca çörək yeyim, bacarmıram. Arvad da lap qudurub. Əvvəllər mənə yaxşı baxardı. İndisə başqa tərəfə baxır. O gün mənə verdiyi köynəyi gözünə soxub deyirəm ki, it qızı it, bu nə ləkədi? O da köynəyi götürüb getdi baldızlarıyla qayınanasının yanına şikayətə. Deyir ki, bütün Bakı yığılsa da bu köynəkdə ləkə tapa bilməz, amma mənim gicbəsər ərim hər yerdə qara görür. Ölüb getmir ki, canımız ondan qutarsın.

Görürsüz də bu da mənim tərifli arvadım. Yox, ona gərək eynək alım, özü də lap qalınından. Uşaqları da pis tərbiyə edir. Dəhşətdi, dəhşət! Qanı mənim qanımdan olanlar lap müharibə uşaqlarına ya da qara zənci Otelloya bənzəyirlər. Bunların çirki və burunlarının fırtığı heç vaxt əskik olmaz. O gün qayınatama zəng etmişəm ki, gəl qızını da, bu qara-qura zənci uşaqlarını da apar. Bunlar məndən deyillər. Bəlkə qayınanam onları yuyub təmizləsə mənə oxşarlar. Mənim sözümü də eşitmirlər. Qayınatam mənə nə desə yaxşıdı? Olmaz ki, arvadı göndərim, hər işi yerində görsün.

Lazımsa, elə sənin özünü də yuyub təmizləyər. Bəlkə onda bizi rahat qoyarsan. Bunun danışığına bax da! Mənim kimi təmizkar insana bu sözü demək olar? O yekəlikdə kişi bilmir ki, qayınanamı yox e, bütün əsil-nəslinin arvadlarını göndərsə belə bu evin tozunu və çirkini təmizləyə bilməz. Dünən nəsə beynimə düşdü ki, televizorun arxasını açacağam. Heç orada nə qalınlıqda tozun olduğunu bilirsizmi?

Nə qədər çığırdımsa səsimə səs verən olmadı. Hərə bir tərəfə qaçıb gizlənmişdi. Tozsoranla bütün içərini təmizləmişəm. Bir iki detalı da, deyəsən, sormuşdu daxilinə, amma televizorun arxası par-par parıldayırdı. İşləməyinə işləmədi. Eybi yox, işləməyindənsə təmiz olsa yaxşıdı. Hələ bu nədi? Min dəfə demişəm ki, aftafadan istifadə etdinizmi onu xlorlu su ilə yaxşı-yaxşı yuyun. Elə bil ki, divara deyirsən. Mədəniyyət yoxdu da! Öyrənmisiz köçəri kimi yaşamağa.

Yaxşı bu arvad qanmadı, bəs mənim bacılarım? Yığıram onları və başa salıram ki, bu it ətindən hazırlanan dönərləri və pirockiləri almayın. Yox, qanmırlar ki,qanmırlar. Elə də ləzzətlə yeyirlər ki, ağzımın suyu axır, çünki axam. İstəyirəm mən də yeyim. Dönərçinin çirkli xalatını, yağlı əllərini xatırlayanda isə lap qusmağım gəlir.

Üzümün tükünü qırxmaq mənimçün böyük dərddi. Bu iş mənə böyük iyrənclik kimi görünür. Odu ki, həmişə sifətim səpir.

Ay qardaşlar, mənim də bir arzum var. Hər gün Allah-taalaya yalvarıram ki,məni kainatın təmiz yerinə göndərsin ki, belə əziyyət çəkməyim və rahatlıq tapım. Yoxsa bu şəraitdə yaşaya bilmirəm. Bəlkə onun mənə yazığı gəldi və arzumu yerinə yetirdi. Vay-vay, bu nədi, ay arvad, bu nə çirkli əskidi?



Ürəyimin hissəsi

Köhnə divanımın aurası məni qızdırır. Qışın oğlan çağıdı, daxilimdə isə baharın nəfəsi duyulur( əlbəttə ki, divanımın hesabına ). Hələ bu gün yerimdən belə durmamışam. Heç olmasa televizoru yandırardım. Yox, onun adını çəkməyin, yoxsa başım ağrıyar. Adamın bəxti bir şeydə gətirir, digərində isə...

Divan sarıdan yaxşıyam. Həyatım da onun üstündə keçir. Ehtiyacım olmasa heç buradan düşmərəm. Televizor isə alınan gündən zay çıxdı. Yaxşı yadımdadı: sovet dövrünün gözəl vaxtları idi. Divanım onda da köhnəydi. Özüm isə cavan olduğundan onun köhnəliyini elə də hiss etmirdim.

Cəmisi televizorda 4 kanal vardı: Moskvanın və Bakının hərəyə iki kanalı. Verilişlər güclü olmasa da marağım böyük idi. Təzə “Qorizontun” səsi evi bürüyəndə sevindiyimdən əməlli- başlı yata bilmədim. Sevincimsə çox qısa oldu. Gözəl rənglər bir-birinə qarışdı. O gündən Bakının televizor ustaları ilə uzun sürən tanışlığım baş tutdu. Sifəti qırışlı, qalın eynəkli, yaşlı rus ustası Volodya bu televizora böyük əmək sərf etdi. Zavod emalının bütün səhvlərini aradan qaldırdı. Lazımsız detalları çıxarıb tulladıqca “Qorizont” bir müddət işlədi. Nəhayət o öz qərarını verdi: televizorun ekranı yatıb, heç nəyə yaramır.

Belə də iş olar? 3 ilə ekran yatar? Mən yazıq divanımı tərk edib ekran axtarmalı oldum. Ekranı o vaxtlar Moskvadan alıb gətirdim. Volodya köhnə ekranı çıxarıb təzəsini onun yerinə saldı. Köhnə ekranı yaxınlıqdakı uçuqluğa tulladım. Partlayışdan ətrafdakı evlər lərzəyə gəldi. Ustanın pulunu verib yola saldım. Elə bilirsiz, televizor əməlli-başlı işlədi? A töbə!
 
Mənim qeydiyyatlarım yerindədi. Orta hesabla il yarımdan bir hansısa hissəsi qırılırdı. Rəhmətlik Volodya mənə dedi ki, ay uşaq, gəl məsləhətimi eşit. Bu televizoru sat, başqasını al. Dedim, a kişi, necə yanı sat? Mənim ürəyimin bir hissəsidi bu cihaz! Ayrılarmı könül candan? Yazıq kişi elə sat deyə-deyə o dünyalıq oldu.

Bu təmir prosesi həyatımın ayrılmaz hissəsinə çevrildi. Təzə-təzə ustalar müxtəlif təcrübələri onun üzərində keçirtdilər. Bir ustanın qoyduğu detalı digər usta başqasıyla əvəzlədi. Yəqin ki, zəmanənin dəyişilməsi televizoru lap tez sıradan çıxartdı. Təzə kanallar mənim köhnə antenama və televizoruma uyğun gəlmədiyindən böyük dəyişikliklər etməli oldum. Haradan biləydim ki, Dədə Qorqud demişkən, bəlalarım hələ qabaqdadı.

Sonuncu dəfə televizorum bərk yandı. Tüstü hər yanı bürüdü. Yaxşı ki, mən məhəlləmizdəki bir cavan oğlan kimi televizorun içinə su tökmədim. O yazığın televizoru elə bu günə kimi işləmir. Tez usta axtarmağa başladım. Gördüm ki,köhnə ustaların bəziləri ölüb, bəziləri çıxıb gedib Rusiyətə. Özümüzkilərdən birini tapıb gətirdim. O özünə çox əziyyət vermədi. Bir az oranı, bir qədər buranı əlləşdirib qiymət oxudu: 10 şirvan. Dedim, a kişi, görmürsən ki, bu televizorun heç 1 şirvan qiyməti yoxdu? Nə cavab versə yaxşıdı: gəl onu səndən şirvan yarıma alım.

Mənə belə sözü demək olar? Cin vurdu təpəmə. Elə istəyirdim ki, bir yumruq vurum ona, tez qiyməti 8 şirvana saldı. Dedim, razıyam. Mənim televizorumun düz yarısını təzələdi. Xarab hissələri çıxarıb atdı və axşam gözəl bir filmə baxdım. Əsil məhəbbət əhvalatı idi. Məhəbbət, məhəbbət...

8 şirvan da belə getdi. Usta gedəndə bir söz də işlətdi ki, qədeş, antenan yaxşı deyil. 7-8 şirvan ver, onu təzələyim. Dedim, baxarıq. Elə antena söhbəti o gündən beynimə yeridi. A kişilər, heç antenaya da 8 şirvan vermək olar? Özümə nə gəlib ki? 3-4 ay divanımda müxtəlif planlar cızdım. Bu vaxt televizor təzədən qırıldı. Fikirləşdim ki, köhnə ustanı çağırsam gərək 1 ay ac oturam.

Başqasına zəng etdim. Gəldi. Televizorun arxasına baxanda dəhşətə gəldi.Deyir, ay qardaş, bunun 1 dənə də öz “rodnoy” detalı yoxdu. Televizor necə görsədə bilər? Başa salıram ki, burada qarşılıqlı məhəbbət söhbəti var. Yəni televizorumla köhnə divanımdan heç cür ayrıla bilmirəm. Usta divana nəzər yetirib dedi ki, əsl muzey malıdı, amma televizorun işi fırıqdı. Sonra ora-burasını xeyli döyəclədi. Birdən gördük ki, işlədi. O heç özü də bunu gözləmirdi. Sevincək şeylərini yığışdırdı ki, aradan çıxsın. Deyirəm, gəl çay iç. İçmədi. Heç pul da istəmirdi. Birtəhər 1 şirvanı basdım cibinə. O da rəhmətlik Volodyanın sözünü təkrar elədi ki, televizoru başından rədd elə.

Deyim ki, televizor əməlli-başlı işlədi. Qayıtdım yenə antena məsələsinə. Mənim bir məşhur qarajım var. Orada nə istəsən taparsan,bütün köm-köhnə əşyaların yığımıdı. Bir neçə köhnə antenaların detallarını gətirdim evə. Bəzi çatmayan xırım-xırda hissələri dükandan aldım və başladım işə.

Elə səs-küy yaratdım ki, adətən mənim səssizliyimə öyrənmiş qonşum qaçıb gəldi. Deyir, nə əcəb, ay qonşu, divanın-zadın qırılmayıb? Cavab verdim ki, narahat olma, hərdənbir mən də həvəsə gəlirəm. Qoy, bir iş görək. Çönüb getdi. Heç demədi ki, işin avand olsun. Nəhəng bir antena quraşdırıb, bərkitdim dama. Fikirləşdim ki, muğam axşamı olacaq. Ləzzətlə baxaram. Baxa bilmədim. Televizor yenə qırıldı. Antenanı yoxlamaq mümkün olmadı...

Gecə yuxuma rəhmətlik Volodya girib. Sifətinin qırışları və qalın eynəyi də yerində. Elə bil canlıydı. Gəlib dayanıb başımın üstündə və deyir ki, ay uşaq, demədim sənə dəyiş bu zəhrimarı? Elə yuxudaca hesablama apardım. Qaracdakı köhnə qaz peçi, qaz kolonkası, paltaryuyan maşın, tozsoran və sevimli televizorumu ehtiyat hissələri kimi satsam, bapbalaca, ağ-qara Çin istehsalı olan televizor alaram. Heç olmasa 2-3 il öz köhnə divanımda( Allaha şükür ki, onu satmıram) rahatca uzanıb təzə televizoruma( öz yığdığım antena ilə) baxa bilərəm.

Yuxum elə gözəldi ki, oyanmaq belə istəmirəm...



Şeytan əməli

Yerimdə eşələnməkdən lap bezmişəm. Köhnə divanımın cırıltısı başımı ağrıdır. Yatmağı çox sevirəm. Hərdən mənə elə gəlir ki, elə əsil həyat yuxuda keçir. Ara-sıra beynimdə əmələ gələn ciddi fikirlər isə yuxumu pozur. Deyərsiz ki, ay zalımın oğlu, fikir nədi, zad nədi? O boş başda heç nə əmələ gələ bilməz. Əlbəttə mən başımın boş olduğunu inkar etmirəm, amma mütəfəkkir olmaq üçün bəzən ağıllı olmaq da gərək deyil. Diogenin tanınmış olması onun məhşur çəlləyinin hesabına baş verib. Tanrı Diogenə çəllək yetirib, mənə də bir köhnə divan…

Öz köhnə divanımda heç də Diogendən geri qalmayan dahiyanə düşüncələrə dalıram. Sonuncu fikir yığnağı sol və sağ əllərin qarşılıqlı təmasından ibarətdi. Deyərsiz ki, a kişi, o divanda uzana-uzana belə dərin fəlsəfi ideya sənin ağlına necə gəlib? Boynuma almalıyam ki, hərdənbir divanımı tərk edib adam arasına çıxıram ki, fikirlərimi camaata çatdırım.

Nəsə iş elə gətirdi ki, bir yas məclisinə düşdüm. Məclisi aparan molla yaman xoşuma gəldi. Hər yerdən vurdu çıxdı, nəysə yetişdi sol və sağ məsələsinə. O sağ əlin sol əldən üstünlüyü barədə uzun-uzadı söylədiyi sözləri təsdiqləmək üçün çoxlu əşyayi-dəlil gətirdi: sağ əl Allah-taalaya yaxındı, sol əl isə şeytan əməlidi. Molla hətta elə bir misal çəkdi ki, bütün məclisdəkilər və mən özüm də buna qarşı heç nə deyə bilmədim. Onun sözləri indiyə kimi qulağımdadı: “ Ay camaat, süfrədən iraq, heç ayaqyoluna necə getdiyinizi yada salırsınızmı? Aftafanı hansı əllə götürürsünüz? Əlbəttə ki, sağla. Bəs qalan işi necə görürsüz? Belə nəlayiq işlə məşğul olan sol əllə heç salavat çevirməkmi olar? “

Elə o gündən sol əl gözümdən düşüb. Mən məclis əhlinə öz dahiyanə fikirlərimi heç cür çatdıra bilmədim, çünki sağ və sol problemi məni təbdən çıxartdı. Axı bu şeytan əməli niyə belə nəlayiq iş tutur? Əhvalım elə pisləşib ki, özümün gözəl köhnə divanımın cırıltısı da mənə pis təsir edir. Sol əlimi bilmirəm necə saxlayım ki, gözümə sataşmasın. Yuxum da pozulub. Belə görkəmli adamın belə xırda məsələ ilə məşğul olması bütün millətə dəyən mənəvi zərbədi. Üstəlik də bu problemi qabardan başqa bir dərd əmələ gəlib.

Düz 10 gündü ki, bizim məhəlləmiz susuz qalıb. Hər hansı ərəb ölkəsində suyun olmamağı olmağından təbii görünərdi. Susuzluqdan əzab çəkən ərəblər aylarla çimməməyi qəbahət saymırlar. 1 litr su 1 neçə litr benzindən baha olur. Su yoxdu, vəssalam. İndi bizdə də su qıtlaşıb gecələr gəlirdi. Birdən birə isə tam kəsildi. Beynimdə ildırım sürətilə hərəkət edən zərrəciklər susuzluq kimi xırda məişət problemi ilə toqquşaraq həlli olmayan ziddiyət yaradıb.

Yerli camaat qorxu vəziyyətindədi. Özü də ki, elə bil hamı bir-biriylə mehribanlaşıb. İllərlə öz qonşuları ilə müharibə vəziyyətində olan qadınlar ümumi bəlanın ləğvi üçün sülhə gəliblər. Bu vəziyyətə baxanda milli inkişaf konsepsiyası yaratmaq üçün böyük imkanlar hiss edirəm. Nə edirlər etsinlər, bircə mənlə və divanımla işləri olmasın. İmkan versinlər ki, solumuz və sağımızla məşğul olaq. Yenə bir iki gün nisbətən sakit keçdi.Sonra isə məhəlləni səs bürüdü.Xüsusilə arvadların hay-küyü mənim rahatlığımı pozdu. Əşi, o su idarəsi, o da siz. Məndə işiniz olmasın. Heç su zad da istəmirəm, ayaqyoluna da getmirəm. Birtəhər keçinərəm. Arvadlar bir yana qalsın, məhəllənin avara kişiləri də fəallaşıblar. Biri deyir ki, təxribatdı, seçkiləri pozmaq istəyirlər. O birisi deyir ki, suyu kəsiblər ki, bizi burdan köçürtsünlər. Hələ məndən də yapışıblar ki, bir ərizə yaz, çünki sənin imzan olsa bu işə tez baxılar. Bu camaata imkan versən deyərlər ki,su olmamağının günahı ya qaçqınlardadı, ya da göy əkənlərdə.

Bircə boynuma almalıyam ki, susuzluq işlərimə əngəldi. Odu ki, istər-istəməz bu işlə məşğul olmalıyam. Qoy elə düşünməsinlər ki, divanda otura-otura heç nədən xəbərim yoxdu. Küçəmizin bütün işlərini bilirəm. Məhəlləmizə su təşkilatlarının bütün mötəbər şəxsləri gəliblər. Orada-burada da eşələniblər, amma heç bir izah verə bilməyiblər. Nə olsun ki, vəzifədə oturublar? Bəlkə də su xətti haradasa partlayıb. Sabah da gələcəklər ki, pul ver, təzə xətt çəkirik.Mənim kimi görkəmli şəxsiyyətdən də pul istəyərlər? Arvadların mitinq keçirtmək fikrindən də xəbərim var.

Ay allahın yazıq bəndələri, bəyəm bilmirdiniz ki, gecə-gündüz suyu boş yerə axıdanda, kranı bağlamağa tənbəllik edəndə bir gün susuz qalacaqsız? Bu susuzluq Allah-taaladan gələn bəladı. Sizə görə mən də əzab çəkirəm, yoxsa suyu neyləyirəm ki? Gündə uzağı bir-iki dəfə divanımdan düşüb azacıq sudan istifadə edirəm. Kranı da bərk-bərk bağlayıram ki, birdən gecə axmağa başlayar və yuxumu pozar. Heç eybi yox, bir qədər səbrli olmaq gərəkdi. Mənə görə Tanrı sizi də bağışlayar.

Bu nə fısıltıdı? Səsi mətbəxi bürüyüb. Yoxsa krandan gəlmək istəyən suyun xəbəridi? Məhəlləmizi çığırtı başına alıb. Yox, deyəsən məni rahat düşünməyə qoymayacaqlar. İndicə həyət qapısına çıxıb bütün xəbərləri öyrənəcəyəm. Əşi, əməlli-başlı mitinqə bənzəyir. Bu cür dahini narahat edən və onu öz divanından ayıran səbəb aydındı.” Yaxşı oğlanlardan” birisi bizim məhəllədə ev alır. Görür ki, həyətindən yekə bir su borusu keçir. O öz rahatçılığını itirir. Ürəyində fikirləşir ki, iti görüm, qurdu görüm, o borunu görməyim. Özü kimi bir “ağıllını” çağırır(qonşudan qaynaqçını) və borunun ağzını bağlatdırır.

Bir şirvanı da basır cibinə ki, ondan razı olsun və bu sirri qorusun. Ay-hay, ölmüşdü xankişi. Bəyəm İsgəndərin buynuzu gizli qaldı? Onun da xəbəri yayıldı. Biz bəyəm divanda oturub çörəyi burnumuza yeyirik? Bunun bağladığı boru bu boyda camaatın səs-küyünə səbəb olub. Heç qoyarlar ki, rahat yaşasın? Mitinq də həmin “yaxşı oğlanın” qapısı qarşısında idi. Onu daha bir şirvan tərləməyə məcbur etdilər. Qaynaqçı öz apparatı ilə gəlib borunu bərpa etdi və sevinə-sevinə pulu aldı. Aha, su artıq axmağa başlayır. Bəs bu kimdi?

Vallah, a kişilər, bizim məhəllə bir balaca mikrokosmosdu. Hər cür insan var. Bax, o qabaqda əlində boru parçası olan və “Ay camaat, suyu kəsən bu idi bu!”- deyə çığıran şəxs, bəlkə məndən də güclü mütəfəkkirdi. Bircə yazığın köhnə divanı yoxdu. Ona görə də inkişaf edə bilmir. Ürəyimdə fikirləşirəm ki, biz insanlar pisin və ya yaxşının nə olduğunu bilmirik. Düşmüşük kiminsə üstünə ki, bizim suyumuzu özümüzə qaytar. Heç qaynaqçını fikirləşmirik . Bu iş olmasaydı, o yazıq, 2 şirvanı haradan qazanardı? Onun uşaqları bütün məhəllənin qəzəbinə səbəb olan şəxsə dua oxuyurlar, çünki bir neçə gün qarnıtox gəzə biləcəklər.

Siz elə bilməyin ki, belə dərin fikirlər küçə qapısında əmələ gəlib. Xeyr, mən artıq öz divanımdayam. Səs-küy də azalıb. Başımın ağrısı da kəsilib. Nəzərlərim ya tavanı, ya da divarları gəzir. Gözdən düşmüş sol əlimi sığallayıram. Əsil həyata qayıdaraq bərk-bərk yuxulayıram...



Zeytun əhvalatı

Bakının ətrafındakı kəndlər çoxdu. Bəziləri lap qədimdi, bəzilərisə nisbətən cavan. Şəhər böyüdükcə bir-bir bu kəndləri özündə əridir. Məsələn ən hörmətli kəndlərdən biri Çəmbərəkəndin yalnız adı qalıb. Özünüsə şəhər məhv edib. Vaxtilə bu kəndin sakinləri olanlar orada-burada özlərinin məhz çəmbərəkəndli olduqlarını xüsusilə qeyd edirlər, amma kəndin yoxluğu faktdı və bunu heç cür dəyişmək olmaz. Bakının Yasamal, Əhmədli, Keşlə,Zıx və Binə kəndləri şəhər tərəfindən nisbətən sıxışdırılsa da azdan-çoxdan hələ ki, mövcuddular. Bəzi kəndlərsə şəhərdən uzaqda olduqlarına görə hələ öz mikrostrukturunu saxlayırlar.

Belə kəndlərdən biri Bilgəhdi. Əgər bu məkanın digərlərindən nəyləsə seçilməsiylə maraqlansaq, görərik ki, Bilgəh gözəl havası, zəfəran əkməyə yararlı mühiti və məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin burada anadan olmasıyla seçilir. Əlbəttə yuxarıda göstərdiyimiz amillər ümumbəşər tarixi üçün elə də əhəmiyyətli olmasa da hər halda kəndi yaxşı tərəfdən qiymətləndirir.

Bizimçünsə ən vacibi Bilgəhin yerli əhalisidi. Bilgəhlilər uzun əsrlər boyu qapalı şəraitdə yaşadıqlarından, Bakının başqa kəndlərinə qatışıb-qarışmadıqlarından yalnız onlara məxsus düşüncə və həyat tərzi yaradıblar. Deyərsiz ki, a kişi, bu da təzə xəbərdi? Bəyəm bilgəhlinin xəmiri başqa cür yoğrulub? Kəndli elə kəndlidi də! İstər Masallıda, istər İsmayıllıda, istərsə də Bilgəhdə. Yox, elə deyil! Bakının Bilgəhini Bolqariyanın Qabrovası ilə ümumiləşdirsək yanılmarıq. Bilgəhdə baş verən qəribəliklərin sayı-hesabı yoxdu. Bilgəhlinin düşünsə tərzini anlamaq üçün gərək elə bilgəhli olasan.

Məsələn badımsanın ən bol vaxtı (yəni 3kq.-su yalvara-yalvara 1000 manatdan satılanda) bilgəhli öz qapısından malının 1kq.-sunu 1000m. satmaq istəmir. Elə düşünür ki, onun badımcanı badımcan yox, əsil qızıldı. Özü zəfəran əkən bilgəhlinin demək olar ki, heç vaxt zəfəranı olmur. Son qramına kimi ucuz qiymətdən satır. Sonra isə gedib Novruzda İran zəfəranı alır. Bilgəhli öz kəndlisindən 1-2 kisə peyin istəməz, çünki bilir ki,verməz. Dərinə gedib peyinin nə olduğunu düşünsək, halımız xarab olar. Kəndin adətinə görə bilgəhli peyinini də qızıla bərabər tutur və bərk-bərk qoruyub saxlayır.

Çox yəqin ki, biz Bilgəh camaatının kosmik düşüncələrinin nəbzini tuta bilmirik və onları anlamırıq. Axı bilgəhlinin 10 sotluq, içində dağılmış evi olan bom-boş həyəti satıb yerinə 3 dənə yarım hektarlıq, hasarı, gözəl evi, yam-yaşıl torpaq sahələrini almaq istəyini bizim kimi adi insanlar necə başa düşə bilərlər?

Elə bizim əhvəlat da Bilgəhdə baş verdi. Hekayətimizin qəhrəmanı çox gözəl insandı. Elə də qoca deyil. Cəmi-cümlətani 35 yaşı var. Adı da Atamoğlandı. Əgər ondan adının mənasını soruşsaq, yəqin ki, bilməz. Nəyinə lazımdı? Atamoğlandı vəssalam-şüttamam. İki qardaşı var. Böyüyü Ağalar, kiçiyisə Eynulladı. Atamoğlan həddən ziyadə zəhmətkeşdi. Qardaşlarının görmək istəmədiyi bütün işləri yerinə yetirir. Çox üzüyola olduğundan həmişə yazıq insan təsiri bağışlayır. Cavan olmasına baxmayaraq başı dazlaşıb. Üzünün saqqalını da vaxtı-vaxtında qırxa bilmir. Doğrusu ülgücdən bərk qorxduğundan tez-tez üzünü kəsir. Odur ki, iki ayda bir dəfə əlinə pul gələndə dəlləyin yanına gedir ki, həm başını, həm də üzünü təraş eləsin.
 
Daha bir qorxduğu şey elektrik cərəyanıdı. Hərdən deyir ki, “ Toxdan qorxuram”. Savad cəhətdən cəmi 4 sinif bitirib. Deyərsiz ki, ayə, necə yəni 4 sinif? Əsriimz kosmos əsridi. Atamoğlansa 4-cü sinifdən qoyun otarmağa başladı. Sonralarsa iş onu elə basdı ki, əsrimizin kosmosluğunu da hiss etmədi. Doğrusu savadsızlığı ona baha başa oturdu. Savadsız insanın qorxusu çox olar. Asan işlər ona çətin kimi görünər.

Həyətində 1 yaxşı zeytun ağacı var. Kim əkib heç özü də bilmir. Bir dəfə uşaqlıqda meyvəsinin dadına baxdı. Acı zəqqutun kimi göründü. Elə o vaxtdan daha zeytuna yaxın gəlmədi. Cəmi bir dəfə bu yaxınlarda təsadüfən hansısa məclisdə bircəciyini yoxladı. O qədər yeməliydi ki, qabın hamısını qarşısına qoyub yedi.

Elə o gündən hər gecə yuxusuna zeytun girirdi. Yuxuda yağlı iri zeytunları yedikcə elə bil gözünə işıq gəlirdi. Atamoğlan rahatlığını itirdi. Çox götür-qoydan sonra belə qərar verdi ki, mütləq bu payızda öz həyətindəki zeytunu yığıb duza qoyacaq. Özünün başı çıxmadığından qonşudakı əslən bilgəhli olmayan, amma bütün işlərdən anlayışı olan Seyfəddin kişiylə məsləhətləşdi. Söhbətdən sonra məlum oldu ki, elə də çətin iş deyil. Bir qədər potaş, duz və su tələb olunur. Atamoğlan yaman həvəsləndi. Gecə-gündüz ağacının başına dolanırdı. Deyərsiz ki, bütün Bakı zeytunla doludu. Nə ağacbazlıqdı? Atamoğlansa haramın nə olduğunu bilmirdi. Heç bir vaxt başqasının malında gözü yoxdu. Əncir, üzüm dəyəndə başqa həyətlərə girməzdi. Allah-taala nə veribsə ona qane olardı. Bu zeytun ağacına da buna görə böyük ümidlər bəsləyirdi.

Ədalət naminə deməliyik ki, ara-sıra Atamoğlana təmiz insan olduğuna görə bağların qarovulunu çəkməyi tapşırırdılar. Payızda, zeytun yetişən vaxt ona bir yaxşı qarovul işi düşdü. Bağ yiyəsinin təkidli tələbi yalnız o idi ki, Atamoğlan mütləq axşam 7-dən səhər 7-yə kimi həyətin içində olmalı və ola biləcək oğruları qovmalıydı. Bu həyətdə hər şey bahalı idi. Yerə mərmər düzülmüşdü. İmarət( bağ demək düzgün olmaz) yiyəsi Atamoğlana tüfəng alıb verdi və sifətindən zəhrimar tökülən, canavarları qorxuya salan çobanitini gətirib uzun zəncirlə həyətə bağladı.

İt əvvəlcə Atamoğlanı yamanca qorxutdu. Əlləri əsə-əsə ona yemək verirdi. Sonralar bir-birinə isinişdilər. Qaranlıq və tənha gecələr həyəti gəzərkən oturub itlə xeyli söhbətləşirdi. Beynindən isə yalnız zeytun fikri keçirdi. Hər səhər öz həyətinə gedib ağacı yoxlayırdı ki, görsün zeytunlar necə qaralırlar. Lap səbri tükənmişdi. Hətta xlorsatan arvaddan 1kq. potaş da aldı. Bir sözlə hər şey zeytunun duzlanmasına hazır idi. Deyir, sən saydığını say...

Atamoğlan elə tüfəngi çiyninə salıb həyətdə gəzişirdi ki,qapı bərk-bərk döyüldü. Tələm-tələsik açanda gördü ki, kiçik qardaşının böyük oğlu Bəybaladı. Onun sözündən məlum oldu ki, kiçik qardaşı Eynulla ata-baba mülkünün yanından keçəndə hiss edir ki, içəridən hənirti gəlir. Atamoğlanın qarovulda, anasınınsa böyük qardaşı Ağaların yanında olduğunu bildiyindən düşünür ki, həyətə oğrular gəlib. Oraya tək girməyə ürək etmədiyindən tez oğlunu Atamoğlanın arxasınca göndərir. Atamoğlanın ürəyi lap tez-tez döyülməyə başladı, Yox, o elə də qorxaq deyildi. Hətta əsgərliyini də kişi kimi gedib çəkib. Sadəcə olaraq fağır insandı. Heç çiynindəki tüfəngə də güllə doldurmurdu. Elə belə oğruları hürkütmək üçün gəzdirirdi.
 
Bəybalanı dinləyib nəsə etmək qərarına gəldi. Tüfəngi çiynindən çıxardıb bərk-bərk gizlətdi. İti də zəncirdən açıb buraxdı həyətə və getdi qardaşının yanına. İki qardaş bir-birinə baxıb nə edəcəklərini bilmirdilər, çünki həyətdəki oğruların sayı çox ola bilərdi və onlara bir xətər yetirərdilər. Uzun məsləhətdən sonra gedib Seyfəddin dayının evindən böyük qardaşları Ağalara zəng etdilər. Gec də olsa Seyfəddin kişi onlara heç nə demədi, çünki insan adamdı, hamının xeyir-şər işinə yarayırdı. Ağalar bir kəlmə: “ Gözləyin! İndi gəlirəm!”-dedi. Atamoğlanla Eynulla hələ Seyfəddin kişidən bəzi şeyləri də götürdülər ki, oğrunu qorxutsunlar. Eynulla külünglə, Atamoğlan ağır dəmir linglə silahlandı.

Ağalar bir saata, özü də silahsız-zadsız gəlib çıxdı, böyük oğlu 17 yaşlı Baladadaşla birlikdə. Qısaca məsləhətləşmədən sonra hamısı birlikdə ata-baba həyətlərinə doğru yönəldilər. Qırıq qapını ehmalca itələyib içəri geçdilər. Tez ora bura baş vurdular. Elə bil hər şey yerindəydi. Bir də ki, oğru nə aparmalı idi ki? Evdə bir həsir vardı, bir də məmmədnəsir. Kasıbçılıqdan artıq əmlak, qızıl, heç olmasa yemək şeyləri belə yox idi. Bircə Atamoğlan sakit deyildi. Mətbəxə keçərkən gördü ki, xlorsatan arvaddan aldığı potaş yoxdu. Ürəyi sancdı.

Elə bil kimsə ona dedi ki, tez həyətə çıx. Həyətin işıqlarını yandırıb dəhşətli mənzərənin şahidi oldu. Evi ələk-vələk edib bir şey tapmayan oğrular əliboş getməməkçün onun zeytun ağacını yoluşdurmuşdular. Ağacın üstündə bircə dənə belə olsun zeytun dənəsi yoxuydu. Qıraqda qardaşlar sevincək söhbətləşirdilər. Bircə Atamoğlanın halı xarabdı. Ayaq üstə dayana bilməyib yerə oturdu. Onu soyuq tər basdı. Neçə aylardan bəri yuxusuna girən zeytun dənələrini gözünün qabağına gətirdi. Başını zeytun ağacına dirəyib zarım-zarım ağladı.


.
pxl
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir