Cəmiyyət

“DAĞLIQ QARABAĞ BÖLGƏSİNİN AZƏRBAYCANLI İCMASI” İCTİMAİ BİRLİYİNİN NİZAMNAMƏSİ

2009-06-08 - 16:54:00

İyunun 5-də Bakıda Dağlıq Qarabağın azərbaycanlı icmasının qurultayı keçirilib. Qurultayda “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi yaradılıb. “Media forum” saytı həmin təşkilatın nizamnaməsini oxucuların diqqətinə çatdırır.

1. Ümumi müddəalar

"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi (bundan sonra - Birlik adlandırılacaq) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir.

Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, "Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanunu, digər normativ - hüquqi aktlar və bu Nizamnamə əsasında həyata keçirir.

1.3. Birlik "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyi adı ilə 29.09.2006-cı ildə, 1106-Q13-2207 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.

1.4. Birliyin müstəqil balansı, üzərində adı yazılmış möhürü, ştampı, Azərbaycan
Respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitləri vardır.

1.5. Birliyin hüquqi ünvanı:

2. Birliyin məqsədi və əsas fəaliyyət istiqamətləri

2.1. Birliyin məqsədi Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə və Dağlıq
Qarabağdan didərgin düşmüş əhalinin öz doğma torpaqlarına qayıtmasına kömək
göstərməkdir.

2.2. Yuxarıda qeyd olunan məqsədə nail olmaq üçün Birlik aşağıdakı istiqamətlərdə
fəaliyyət göstərir:

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının (bundan sonra -İcma) fəallığını artırmaq;

münaqişənin tarixi kökləri və onun həlli ilə bağlı ölkə Prezidentinin apardığı genişmiqyaslı tədbirlər barədə əhalini maarifləndirmək;

İcma üzvlərinin sosial-iqtisadi problemlərini öyrənmək və aidiyyəti dövlət orqanları vasitəsilə onların həllinə nail olmaq;

mədəni irsin qorunması və təbliğində İcmanın imkanlarını səfərbər etmək, Dağlıq Qarabağdan olan gənclərin xaricdə təhsil almalarına şərait yaratmaq;

mədəni-kütləvi tədbirləri, idman yarışlarını təşkil etmək, istedadlı gənclərin ölkədaxili və beynəlxalq bədii yaradıcılıq müsabiqələrində, idman yarışlarında iştirakına şərait yaratmaq;

uşaq və gənclərə vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq hisslərinin, ekstremizm və ayrı-seçkilik hallarına qarşı mübarizə ruhunun aşılanması üçün tədbirlər həyata keçirmək;

Dağlıq Qarabağ problemi ilə məşğul olan beynəlxalq təşkilat və qurumlarla aparılan danışıqlarda İcmanı təmsil etmək, beynəlxalq əlaqələri və əməkdaşlıq sahəsində fəaliyyəti müvafiq dövlət qurumları ilə uzlaşdırmaq;

Dağlıq Qarabağ azərbaycanlılarının öz doğma torpaqlarına mütləq qayıtmaq istəyini, normal sülh və əmin-amanlıq şəraitində yaşamaq niyyətində olduqlarını dünyaya bəyan etmək;

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğala məruz qalması və dinc azərbaycanlı əhalisinin üzləşdiyi məhrumiyyətlər barədə məlumatları, işğal altında olan ərazilərin əhalisi, təbiəti və ekoloji durumu, mədəni irsi, tarixi abidələri və s. barədə informasiyaları toplamaq, təhlil etmək, ölkə və xarici KİV-də işıqlandırmaq;

Ermənistanın təcavüzü nəticəsində Dağlıq Qarabağdan məcburi köçkün düşmüş vətəndaşların hüquq və mənafelərini müdafiə etmək, İcma üzvlərinin pozulmuş hüquqları barədə beynəlxalq təşkilatlarda və məhkəmələrdə məsələlər qaldırmaq;

İcma üzvlərinə hüquqi yardım göstərmək;

beynəlxalq rəyin Azərbaycanın xeyrinə formalaşması üçün internet resurslarından daha geniş və səmərəli istifadə etmək;

təhsil aldıqları ölkələrin ictimaiyyətinə Dağlıq Qarabağ barədə həqiqətləri çatdırmaq məqsədilə xaricdə oxuyan tələbələrin, xüsusilə Qarabağ mənşəli gənclərin dərnəklərini yaratmaq;

münaqişə ilə bağlı beynəlxalq səviyyədə təşkil olunan tədbirlərdə Qarabağ mənşəli mütəxəssislərin və xaricdə təhsil almış gənclərin iştirakına şərait yaratmaqla İcmanın mövqeyini dünya ictimaiyyətinə çatdırmaq;

əsir və itkin düşmüş vətəndaşların taleyinin aydınlaşdınlması və onların geri qaytarılması üçün müvafiq dövlət orqanları və beynəlxalq qurumlarla əməkdaşlıq etmək;

İcmanın problemlərinin həllinə yönəlmiş beynəlxalq layihə və proqramların təşviqi və həyata keçirilməsinə nail olmaq, bu sahədə yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etmək;

"Xalq diplomatiyası" çərçivəsində Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə işi təşkil etmək;

Dağlıq Qarabağla bağlı kütləvi və elektron informasiya vasitələrindəki materialları izləmək, təhlil etmək və dərhal reaksiya vermək, yerli və xarici mətbuat nümayəndələri üçün görüşlər, brifinqlər təşkil etmək;

qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində və doğma torpaqlara qayıdışla əlaqədar proqramın hazırlanmasında iştirak etmək;

qanunverici orqanda İcmanın mənafeyi ilə bağlı məsələlər qaldırmaq və Milli Məclis üzvlərinin köməyi ilə xarici dövlətlərin parlamentlərində İcmanın mənafelərinə uyğun dinləmələrin, görüşlərin keçirilməsini, lobbiçiliyi təşkil etmək.

3. Birliyin hüquqları

Birlik aşağıdakı hüquqlara malikdir:

öz adından əqdlər bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış etmək;

fəaliyyəti barədə məlumatı sərbəst yaymaq;

Azərbaycan Respublikasının ərazisində və xaricdə filial və nümayəndəliklərini təsis etmək;

müxtəlif yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etmək, könüllülük prinsipləri əsasında birləşərək ittifaqlar yaratmaq; banklarda hesablar açmaq və hesablaşmalar aparmaq;

qanunvericiliklə qadağan edilməyən və Nizamnamə məqsədlərinə uyğun olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.

4. Birliyin əmlakı və maliyyə fəaliyyəti

4.1. Birliyin mülkiyyətində binalar, qurğular, mənzillər, avadanlıqlar, inventarlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və bu Nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər.

4.2. Birlik öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər.

4.3. Birliyin əmlakının pul və digər şəkildə formalaşdırılması mənbələri aşağıdakılardır:

Birlik üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları;

ianələr;

dövlət hakimiyyəti orqanlarının yardımları və dövlət subsidiyaları;

miraslar və vəsiyyətlər;

səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividendlər, gəlirlər;

öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;

qrantlar;

sərgilərdən, konsertlərdən və digər tədbirlərdən əldə olunan gəlirlər;

təsis etdiyi müəssisələrin fəaliyyəti nəticəsində əldə olunan gəlirlər;

qanunvericilikdə qadağan olunmamış digər mədaxillər.

4.4. Birliyin üzvləri onun mülkiyyətinə daxil olan ayrı-ayrı obyektlər üzərində xüsusi hüquqlara malik deyildirlər.

4.5. Birlik Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada öz fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına müvafiq olaraq öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir.

4.6. Birliyin hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərdə xərclənə
bilməz.

4.7. Birlik siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz.

4.8. Birlik qanunvericilikdə müəyyən edilmiş qaydada maliyyə, statistik və sair hesabatlar tərtib edir və dövlət orqanlarına təqdim edir.

4.9. Birliyin maliyyə ili 1 yanvardan dekabr ayının 31-dək olan dövrü əhatə edir.

5. Birliyin təsisçiləri və üzvləri, onların hüquq və vəzifələri

5.1. Birliyin təsisçiləri və üzvləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilərlər. Birliyin üzvü olmuş hüquqi şəxslər idarəetmə orqanlarında yalnız bir şəxs və bir səslə təmsil oluna bilərlər.

5.2. Təsisçilər bərabər hüquqlara malikdirlər. Təsisçilərin qarşılıqlı münasibətləri, hüquq və vəzifələri qanunvericiliklə, yaxud onların arasında bağlanmış müqavilə ilə və ya bu Nizamnamə ilə müəyyən edilir. Birliyin təsisçiləri həm də Birliyin üzvləri hesab olunurlar. Təsisçilər və üzvlər bərabər hüquqlara malikdirlər.

5.3. Birliyə üzvlərin qəbulu Birliyin İdarə heyəti tərəfindən aparılır.

5.4. Birliyə üzv olmaq üçün İdarə heyətinə yazılı şəkildə müraciət edilir. İdarə heyəti öz növbəti iclasında ərizəyə baxır və lazım olarsa, bu şəxsdən əlavə məlumat tələb edir. İdarə heyəti müraciət etmiş şəxsin üzvlüyə qəbul edilməsi və ya imtina edilməsi barədə qərar qəbul edir. İdarə heyəti imtina barədə qərarın qəbul edilməsi səbəbinin açıqlanmasına məcbur edilə bilməz.

5.5. Birliyin üzvləri öz aralarında bərabərhüquqlu olub aşağıdakı hüquqlara malikdirlər:

bu Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək;

Birliyin hər hansı seçkili, o cümlədən rəhbər orqanını seçmək və ya həmin orqanlarda təmsil olunmaq;

Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;

Birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq;

öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün Birliyə müraciət etmək;

hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, Birliyin müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək.

5.6. Birliyin üzvü yalnız Birliyin müvafiq orqanları səlahiyyət verdikdə həmin orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər.

5.7. Birliyin üzvləri aşağıdakı vəzifələri daşıyırlar:

Birliyin Nizamnaməsinə riayət etmək;

Birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək;

Birliyin tədbirlərində iştirak etmək.

5.8. Birliyə üzvlük haqqının miqdarı və onun ödənilməsi qaydaları Birliyin İdarə heyəti
tərəfindən müəyyən edilir.

5.9. Birliyə üzvlüyə aşağıdakı hallarda xitam verilir:

könüllü olaraq Birliyin üzvlüyündən çıxdıqda;

Birliyin üzvlüyündən xaric edildikdə.

5.10. Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir:

Birliyin adına ləkə gətirən hərəkətlərə yol verdikdə;

mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda;

Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə.

5.11. Üzvlükdən, təsisçilikdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilir.

5.12. Birlik üzvünün həmin qərardan Birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququ vardır.

5.13. İdarə Heyəti Birliyin məram və məqsədlərinin həyata keçirilməsinə fəal yardım edən hər hansı bir şəxsi Birliyin Fəxri üzvlüyünə qəbul edə bilər. Bu zaman həmin şəxs üzvlük haqqı ödəməkdən azad olunur.

6. Birliyin təşkilati strukturu və idarəetmə orqanları

Birliyin idarəetmə orqanları aşağıdakılardır:

İcmanın Qurultayı;

Birliyin İdarə heyəti;

Birliyin Əlaqələndirmə Şurası.

7. İcmanın Qurultayı

7.1. Birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan İcmanın Qurultayıdır (bundan sonra - Qurultay).

7.2. Qurultay Birliyin İdarə Heyətinin, təsisçilərdən birinin və ya Birlik üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.

7.3. Birliyin üzvlərinə Qurultayın yeri və vaxtı haqqında azı iki həftə əvvəl məlumat
verilməlidir.

7.4. Qurultayın səlahiyyətinə aşağıdakılar aiddir:

Birliyin Nizamnaməsinin qəbulu və ona dəyişikliklərin edilməsi;

Birliyin İdarə Heyətinin və Nəzarət-Təftiş komissiyasının üzvlərinin sayının müəyyən edilməsi;

Birliyin İdarə Heyətinin və onun sədrinin (İcmanın rəhbərinin), Nəzarət-Təftiş Komissiyasmın üzvlərinin seçilməsi və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;

Birliyin illik hesabatının təsdiq edilməsi;

Nəzarət-Təftiş Komissiyasının hesabatının təsdiq edilməsi;

Birliyin əmlakınm formalaşması və istifadə prinsiplərinin müəyyən edilməsi;

üzvlərə Birlik adından çıxış etmək səlahiyyətinin verilməsi;

Birliyin başqa təşkilatlarda iştirak etməsinə razılıq verilməsi;

Birliyin yenidən təşkili və ləğv edilməsi;

Birliyin fəaliyyəti ilə bağlı hər hansı məsələyə dair qərar qəbul olunması.

7.5. Qurultay seçilmiş nümayəndələrin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur.

7.6. Qurultayda müzakirə olunan məsələlər haqqında qərarlar Qurultayda iştirak edən nümayəndələrin sadə səs çoxluğu ilə qəbul edilir.

8. Birliyin İdarə Heyəti

8.1. Birliyin fəaliyyətinə ümumi rəhbərliyi Birliyin İdarə Heyəti (bundan sonda - İdarə
Heyəti) həyata keçirir.

8.2. İdarə heyətinin qərarı ilə Idarə heyəti üzvləri sırasından Əlaqələndirmə şurasının sədri təyin edilir.

8.3. İdarə heyəti kollegial icra orqanı olub aşağıdakı səlahiyyətlərə malikdir:

Birliyin üzvlüyünə qəbul edir və üzvlükdən azad edir;

Əlaqələndirmə Şurasının strukturunu, sədrinin iş funksiyalarını təsdiq edir, onun

hesabatlarını dinləyir və onlar barədə qərar qəbul edir;

təkliflər və layihələr irəli sürür, layihə rəhbərlərinin funksiyalarını müəyyən edir;

Birliyin filial və nümayəndəliklərini təsis edir, onların rəhbərlərini vəzifəyə təyin və

vəzifədən azad edir;

üzvlük haqqının miqdarını və ödənilməsi qaydasını müəyyən edir;

Birliyin illik maliyyə hesabatını müzakirə edir;

növbəti maliyyə ili üçün büdcəni tərtib və təsdiq edir;

Birliyin bank hesabları üzrə imza səlahiyyətlərini verir;

Nizamnamənin müddəalarının tətbiqi ilə bağlı şərh verir;

Birliyin başqa idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid edilməyən bütün məsələləri həll edir.

8.4. İdarə heyətinin iclası üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır və qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda sədrin səsi həlledici olur.

8.5. İdarə Heyətinin iclasları ildə 4 (dörd) dəfədən az olmayaraq 2 (iki) həftə, təcili hallarda isə 2 (iki) gün əvvəl İdarə Heyəti üzvlərinə yazılı bildiriş göndərilmək şərti ilə çağırılır. Zərurət yarandıqda İdarə heyətinin növbədənkənar iclası çağınla bilər.

İdarə Heyətinin iclaslan İdarə Heyəti sədrinin və ya İdarə Heyəti üzvlərinin 2/3 hissəsinin təşəbbüsü ilə çağırılır.

8.6. Sədr:

İdarə Heyətinə rəhbərlik edir;

İdarə heyətinin iclaslarına sədrlik edir;

Birliyi təmsil edir, onun adından müqavilələr bağlayır, etibarnamələr verir;

Qurultayın və İdarə Heyətinin qərarlarının icrasını təşkil edir;

Əlaqələndirmə Şurasının üzvlərini və layihə rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir;

Qurultay tərəfindən və Nizamnamə ilə onun üzərinə qoyulan digər funksiyaları həyata keçirir.

9. Birliyin Əlaqələndirmə şurası

9.1. Birliyin Əlaqələndirmə Şurası (bundan sonra - Əlaqələndirmə Şurası) Birliyin cari fəaliyyətini, filial və nümayəndəliklərlə Birlik arasında əlaqələrin tənzimlənməsini təşkil edir.

9.2. Əlaqələndirmə Şurasının sədri:

Əlaqələndirmə Şurasına rəhbərlik edir;

İdarə Heyətinin qərarlarının və İdarə Heyəti sədrinin tapşırıqlarının icrasını təmin edir;

Birliyin maliyyə-təsərrüfat fəaliyyətini təşkil edir;

ildə 2 dəfə fəaliyyəti barədə İdarə Heyətinə hesabat verir;

İdarə Heyətinin iclaslarında müzakirə olunacaq müvafiq sənədləri tərtib edir;

İdarə Heyəti tərəfindən ona verilən digər səlahiyyətləri həyata keçirir.

9.3. Əlaqələndirmə Şurasının sədri İdarə Heyətinin xüsusi qərarı ilə Birlik adından
təmsilçilik funksiyalarını yerinə yetirə bilər.

10. Birliyin Nəzarət-Təftiş komissiyası

10.1. Birliyin Nəzarət-Təftiş komissiyası (bundan sonra-NTK) Birliyin vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Nizamnaməyə uyğun olması, habelə Birliyin maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirir.

10.2. NTK-nın qərarları sadə səs çoxluğu ilə qəbul edilir.

10.3. NTK Birliyin orqanlarından və üzvlərindən daxil olan müraciətlərə bir ay müddətində baxıb cavab verməlidir.

11. Birliyin filial və nümayəndəlikləri

11.1. Birlik Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda filial və nümayəndəliklər təsis edə bilər. Filial və nümayəndəliklər Birliyin maraqlarını qorumalı, onun məqsəd və prinsiplərinə uyğun fəaliyyət göstərməlidir.

11.2. Filial və nümayəndəliklər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq öz bank hesablarına, möhür və rekvizitlərə sahib ola bilər.

11.3. Filial və nümayəndəliklərin təsis edilməsi və fəaliyyətlərinin dayandırılması, onların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi bu Nizamnaməyə uyğun olaraq İdarə Heyətinin səlahiyyətlərinə aiddir.

12. Birliyin fəaliyyətinə xitam verilməsi

12.1. Birliyin fəaliyyətinə onun yenidən təşkil edilməsi (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ləğv edilməsi yolları ilə xitam verilir. Birliyin fəaliyyətinə xitam verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

12.2. Birliyin fəaliyyətinə xitam verilməsi haqqında qərara əsasən ləğvetmə komissiyası yaradılır. Bu andan Birliyin idarəçiliyi ilə əlaqədar bütün səlahiyyətlər ona keçir.

Ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir. Birliyin ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada Nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir. Birliyin ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər
qanunvericilik aktlarına əsasən həyata keçirılir.

13. Digər şərtlər

13.1. Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir.

13.2. Gələcəkdə bu Nizamnamənin müddəaları qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəaları tətbiq edilir.

.

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-05-16Manat
1 Avro1.0761
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0225
1 Türk lirəsi0.3735

Hava proqnozu

Arxiv

Səsvermə

Sizcə, toya neçə qonaq dəvət olunsa yaxşıdır?
100-150 nəfər
200-250 nəfər
300-350 nəfər
350 nəfərdən çox
        Rambler's Top100