Tələbələr universitet rəhbərliyi müavinlərinin işdən çıxarılmasını, tələbələrin hər bir hərəkətini nəzarətdə saxlayan inzibati komitələrin ləğvini, tələbə yeməkxanasının işinin yaxşılaşdırılmasını, kitabxananın bərpasını və universitet rektorunun müxtəlif bəhanələrlə təzyiqə məruz qoyduğu tələbələrdən üzr istəməsini tələb edirlər.
«Media forum» saytının məlumatına görə, aksiyanı yaxından izləyən tələbə fəalı Məhdiyyə Gülru «Azadlıq» radiosunun fars redaksiyasına açıqlamasında aksiyaçıların hökumətin böyük təzyiqinə məruz qaldığını deyib: «Hökumət qüvvələri universitetin ətrafını mühasirəyə alıb. Hökumət bir neçə gün əvvəldən tələbələri aksiyanı dayandırmağa vadar etmək üçün universitetin suyunu kəsib».
Aclıq aksiyasına qatılan tələbələrin 30-u səhhəti pisləşdiyi üçün artıq xəstəxanaya aparılıb. Oturaq aksiyanı davam etdirən 1200 tələbə isə universitet rəhbərliyi tələbləri ödənməyincə geri çəkilməyəcəklərini bildiriblər.

































