«Media forum» saytı xəbər verir ki, cavab məktubu mayın 25-də «shafieyan.blogspot.com» ünvanlı fərdi internet bloqunda yerləşdirilib. Bloq sahibi özünü Əli Əsğər Şəfiiyan kimi təqdim edib. Özünün yazdığına görə, Şəfiiyan 1976-cı ildə Mazandaran əyalətinin Nouşəhr bölgəsində doğulub. İxtisasca mühəndis olsa da, yeddi il İSNA agentliyində müxbir və siyasi şərhçi kimi çalışıb. Əhmədinejad hakimiyyətə gəldikdən sonra həmin agentlikdən çıxıb. Hazırda Bakıda yaşayır və iqtisadi fəaliyyətlə məşğuldur.
Ə.Ə.Şəfiiyanın fars dilində yazdığı cavab məktubunun Azərbaycan dilinə tərcüməsi «Bakı-Təbriz» jurnalının baş redaktoru Məsiağa Məhəmmədinin şəxsi bloqunda («mesih.azeriblog.com») yerləşdirilib.
Məktubda Şəfiiyan əvvəlcə «Tabnak.ir» saytındakı anonim məktub müəllifinin dediyi fikirlərin ziddiyyətli olduğunu vurğlayır, mühakimə və qiymətləndirmələrin reallığa əsaslanmasının vacibliyinə işarə edir və bununla bağlı bir misal çəkir: «1997-ci ildə bir nəfər Bakıdan mərhum ayətullah Meşkiniyə xəbər aparır və o Allah bəndəsi də həmin xəbərə əsaslanıb üləmaları yığır ki, bəli, Azərbaycan Respublikasında islam inqilabı baş verməkdədir!»
Ə.Ə.Şəfiiyan daha sonra anonim məktubun müəllifinə müraciətlə yazır: «Siz öz məktubunuzda (Azərbaycan Respublikası ilə bağlı) sizi narahat edən məsələləri bu cür sadalamısınız: İsraillə əlaqələr, Qarabağdan qaçqın düşənlərin qeyri-müəyyən durumu, xalqa tarixi kimliyini unutdurmaq siyasəti, azlıqların vəziyyəti, nəsillər arasında uçurum, dini fəaliyyətlərin məhdudlaşdırılması və İran əhalisinə qarşı bəzi təhrikçi addımlar.
Əvvəla, bu ölkənin (Azərbaycan Respublikasının) əhalisi İran əhalisi qədər Fələstin məsələsindən agah deyil və ona həssaslıq göstərmir. İkincisi, İslam Konfransı Təşkilatının üzvləri arasında Azərbaycan İsraillə bu cür əlaqələrə malik olan yeganə ölkə deyil. Amma qeyd etdiyiniz kimi, onların (azərbaycanlıların) ölkəsinin 20 faizi yadların işğalı altındadır, Qarabağ bölgəsi Ermənistan tərəfindən işğal edilib. Biz Fars körfəzi məsələsinə həssaslıqla yanaşdığımız və Kiçik Tonb, Böyük Tonb və Əbu Musa adalarını İran torpağı bildiyimiz kimi, bu diyarın əhalisi də Qarabağı öz torpağı bilir».
Daha sonra cavab məktubunda deyilir: «Cənab tədqiqatçı! Siz təsəvvür etmirsiniz, İran İslam Respublikasının iki işğalçıya yönəlik ikili siyasəti necə də ziddiyyətlidir: o, bir tərəfdən sünni Fələstin əhalisini qaçqın vəziyyətinə salmış sionistlərin əleyhinədir, digər tərəfdən Qarabağı işğal etmiş və bir milyon şiəni qaçqın durumuna salmış ermənilərin yanındadır. Elə isə bunlar siyasətin ata-anası olmadığı nəticəsinə gəlməkdə və İsraillə əlaqə qurmaqda haqlıdırlar…
Bir həftə bundan qabaq bir müxbir İranın Bakıdakı səfirindən soruşdu: «İran nə üçün Azərbaycan torpaqlarını işğal etmiş təcavüzkar Ermənistanı dəstəkləyir?» Görün məsələni necə dolaşdırırıq: «Qəsbkarlıqla işğalçılıq arasında fərq var. Sionist rejim müsəlman torpağını qəsb edib, onun əhalisini qaçqın salıb və Fələstin ölkəsinin adını silib. İki ölkə – Ermənistanla Azərbaycan arasında vəziyyət belə deyil və İran Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir».
Cənab tədqiqatçı! Azərbaycan Respublikasının dindar əhalisi məhz bu cəhətdən ən çox təzyiqə məruz qalır, onlar bilmirlər ki, nə cavab versinlər… Bizim Ermənistanla əlaqələrimizdən o qədər narahat olanlar var ki, yaxşısı budur, araşdırmalarınızı təkmilləşdirmək üçün özünüz gələsiniz və bir müddət onların sözlərinə qulaq asasınız».
Şəfiiyan məktubuna belə davam edir: «Cümə günü Naxçıvandan olan həmkarım mənə dedi ki, eşitdiyinə görə, İran Qarabağda mobil rabitə şəbəkəsinin genişləndirilməsi üçün Ermənistanla əməkdaşlıq edir. Xəbəri gördüm, düz deyirdi: İranın mobil telefon operatoru «Telekomunikeyşn Kiş» şirkəti «Qarabağ Telekom» şirkəti ilə rouminq sazişi imzalayıb ki, işğal olunmuş Qarabağ bölgəsində onun xidmətindən istifadə olunsun. Yaxşı, bizim kələyimiz yalnız bundan ibarətdir ki, bu işi özəl bir şirkətin əli ilə görürük.
Həqiqətən bu ölkənin əhalisi anlaya bilmir ki, məsələn, İsrail barədə o cür odlu-alovlu şəkildə danışan Əhmədinejad niyə Qarabağın şiə qaçqınları haqqında bir söz söyləmir? Siyasətdir? Yaxşı, onda onların etdiyinin adı da siyasətdir, onlar da istəyirlər ki, yəhudi lobbisi ABŞ-da və digər yerlərdə Ermənistanın qarşısında onları dəstəkləsin…
Əziz tədqiqatçı! Deyirsiniz ki, son dövrdə Bakıya səfər etmiş, amma şəhidlərin şərəfinə qoyulmuş bir abidə görməmisiniz. Halbuki ermənilərin əli ilə öldürülmüş insanların şərəfinə həm şəhərin özündə, həm də ətraf yerlərdə xatirə abidələri ucaldılıb. Şəhidlər Xiyabanı şəhərin ən yaxşı yerindədir və Bakıya gələn hər kəs ora baş çəkir. Şuşa, Xocalı və s. şəhərlərdə baş vermiş qırğınların ildönümündə ardıcıl televiziya verilişləri göstərilir.
Problem bundadır ki, biz öz ölkəmizi yaxşı qurmamışıq… buna görə də bu ölkənin (Azərbaycanın) əhalisi bizim fəaliyyətimizdən razı deyil. Amma siz məktubu elə yazmısınız ki, guya bu gün Azərbaycan Respublikasında referendum keçirilsə, insanlar İran İslam Respublikasının himayəsinə keçməyə səs verəcəklər! Xeyr, belə şey yoxdur, tədqiqatçı dost, inqilabın poçt vasitəsilə məktub göndərməklə ixracı mümkün deyil!
Sonda ötən ilin yayında Bakıda cənab Müttəkiyə dediyim sözü bir daha təkrarlamaq istəyirəm: Qarabağ bu diyarın əhalisi üçün Qüdsün fələstinlilərdən ötrü malik olduğundan az əhəmiyyət kəsb etmir, İslam Respublikası bu məqama xüsusi diqqət yetirməlidir».

































