![]() |
|
Abbasəli Həsənov |
İsrail prezidenti Şimon Peresin Azərbaycana səfərinə etiraz olaraq İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məmmədbağır Bəhraminin Bakını tərk etməsi haqda İranın “Səhər” telekanalının internet səhifəsində yayılan xəbərdə Azərbaycan Respublikasının İrandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənovun Tehrandan çıxarılacağı ehtimalı da irəli sürülüb.
“Media forum” saytı bununla əlaqədar olaraq Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənovla əlaqə saxlayıb.
Səfir deyib ki, onun İrandan çıxarılacağı haqda səslənən fikirlərin əsası yoxdur: “Bu haqda bizdə heç bir məlumat yoxdur. Hazırda mən Tehranda, iş otağımdayam. Heç bir problem yoxdur. “Səhər” kanalı bu məlumatı hardan götürüb, bilmirəm. Əsassız xəbərdir”.
İsrail prezidentinin Bakıya səfəri ərəfəsində Azərbaycanın İrandakı səfirliyi qarşısında etiraz aksiyasının keçirildiyini bildirən A.Həsənov qeyd edib ki, həmin aksiya barədə “Səhər” televiziyası da xəbər yaymışdı: “Mən o aksiya ilə bağlı rəsmi Bakıya məlumat göndərmişəm. Amma bunu o qədər şişirtməyə lüzum görmürəm. Hər bir dövlət və xalq daxili və xarici siyasətini özü müəyyənləşdirir, öz milli marağına uyğun olaraq siyasətini formalaşdırır. Digər tərəfdən, Azərbaycan heç bir dövlətin daxili işinə qarışmır, Azərbaycanın daxili işinə qarışmağı da başqalarına məsləhət görmür. Biz demirik ki, İran nə üçün işğalçı Ermənistanla iqtisadi, siyasi, mədəni əlaqələrini günü-gündən genişləndirir. Biz yaxşı başa düşürük ki, hər bir ölkə öz qonşusu ilə iqtisadi, siyasi, mədəni əlaqələrini genişləndirməlidir. Bu normal bir haldır. Amma Ermənistan dedikdə söhbət işğalçı ölkədən gedir. İşğalçı ölkənin başını sığallamamalıdırlar. Cinayətkarın başını sığallamamalıdırlar. Cinayətkara cinayətkar kimi baxılmalıdır. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, 1 milyon nəfərdən çox azərbaycanlı dədə-baba yurdunu itirib, qaçqın, məcburi köçkün vəziyyətinə düşüb. Belə bir halda İran Ermənistanla geniş, çoxtərəfli əlaqələr qurur, Ermənistanı qazla təmin edir, Ermənistanın digər ehtiyaclarını da ödəyir. Biz heç vaxt buna heç nə deməmişik. Çünki bu, İranın daxili işidir”.
A.Həsənovun sözlərinə görə, rəsmi Tehran Azərbaycan səfirliyinə İsrail prezidentinin səfəri ilə bağlı hər hansı etiraz bildirməyib. Azərbaycan səfiri “Səhər” kanalının internet səhifəsində dərc olunan xəbərlə bağlı araşdırma aparacağını vurğulayıb.
«Media forum»


































