|
|
|
Səlahəddin Sevinin Şuşada çəkdiyi şəkil |
Türkiyənin məşhur «Beko» şirkətinin malları Şuşada satılır. Bunu Türkiyə mallarının Azərbaycanın işğal olunmuş ərazilərində satıldığını öz gözləri ilə görən, bu yaxınlarda Şuşadan qayıdan və hazırladığı reportajları «Zaman» qəzetində çap etdirən qəzetin fotoqraf-redaktoru Səlahəddin Sevinin çəkdiyi fotoşəkil tam təsdiqləyir.
S.Sevinin reportajları ilə tanışlıqdan sonra «Media forum» saytının əməkdaşları Türkiyə mallarının, konkret fotosübutda görünən «Beko» mallarının işğal olunmuş torpaqlarımza nə cür gedib çıxdığını araşdırmaq, şirkətin bu məsləyə münasibətini öyrənmək üçün ən əvvəl «Beko»nun Azərbaycan nümayəndəliyi ilə əlaqə saxlayıb.
«Beko»nun Azərbaycan nümayəndəliyinin direktoru Sahib Hüseynov məsələdən xəbər tutduqda bunu çox təəccüblə qarşılayıb və belə bir faktın mövcudluğunu pisləyib: «Bununla bərabər «Zaman» qəzetinin əməkdaşına minnətdarlığımızı bildirməliyik ki, belə bir faktı üzə çıxarıb. Bu, bir azərbaycanlı kimi bizim qürurumuza toxunan faktdır. Necə olur ki, bizim ümumi düşmənimiz olan ermənilərə türk malı satılır, həmin mallar hansı yolla oralara gedib çıxır?»
«Media forum»un əməkdaşı ilə söhbətdən sonra S.Hüseynov məsələ ilə bağlı şirkətin İstanbuldakı baş ofisinə məlumat verib. O, «Zaman» qəzetinin üzə çıxartdığı faktı və «Media forum»un suallarını elektron poçtla baş ofisin Gürcüstan və Azərbaycan bölgələri üzrə satış mərkəzinin müdiri Arel Atakola çatdırıb.
A.Atakol məsələni araşdırdıqdan sonra İstanbuldan «Media forum»a zəng edib. A.Atakol da öncə vurğulayıb ki, onlar bu faktı təəcüblə qarşılayıblar: «Biz məsələni araşdırdıq. «Beko» mallarının Şuşada satılması ilə bizim şirkət arasında heç bir bağlılıq yoxdur. Həmin adamların «Beko» mallarını haradan alıb-satdıqlarını bilmirik. Həm də bunu dəqiqləşdirmək bizim imkanımız xaricindədir. Çünki Ermənistanla, eləcə də Dağlıq Qarabağla heç bir əlaqəmiz yoxdur. Ola bilər ki, kimlərsə bu malları Gürcüstandan alıb aparıb. Ancaq yenə də deyirəm: bunu dəqiqləşdirmək bizim üçün çətindir. Biz dünyadakı bütün təmsilçilərimizə, eləcə də müttəfiqlərimizə bildirmişik ki, heç bir «Beko» malı Ermənistanda, Dağlıq Qarabağda satıla bilməz, onlarla heç bir ticarət əlaqəsi qurula bilməz».
A.Atakol onu da qeyd edib ki, bu cür qanunsuz ticarətin qarşısını almaq o qədər də asan deyil.
Mövzu ilə bağlı «Media forum» saytı Türkiyənin Azərbaycandakı səfirliyinə də müraciət edib. Amma səfirlikdən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
«Media forum»
Mövzu ilə əlaqədar bax:
ŞUŞA. APREL 2007


































