HÖTEBORQ. Fevralın 25-də İsveçin Höteborq şəhərində fəaliyyət göstərən Azərbaycan Federasyonu İsveçin təşkilatçılığı ilə Brunnsparken meydanında keçirilən etiraz aksiyasına bir çox yerli siyasi və ictimai təşkilatların, dərnəklərin nümayəndələri, Höteborq Universitetində təhsil alan azərbaycanlı tələbələr qatılıblar.
Aksiya zamanı Xocalı faciəsinə həsr olunmuş informasiya xarakterli vərəqələr paylanıb, Azərbaycan, isveç və ingilis dillərində erməni terroruna etiraz şüarları səsləndirilib. Çıxış edənlər Azərbaycan hökumətinin Xocalı soyqırımına siyasi qiymət verməməsindən təəssüfləndiklərini dilə gətiriblər. Aksiyanin sonunda İsveç parlamentinə müraciət oxunub. Müraciətdə İsveç parlamenti Xocalı soyqırımına hüquqi-siyasi qiymət verməyə və soyqırımı rəsmən tanımağa çağırılır. Aksiya soyqırımı qurbanlarının atirəsinin bir dəqiqəlik sükütla yad etməklə başa çatıb.
![]() |
![]() |
STOKHOLM. Fevralın 24-də Güney Azərbaycan Konqresinin (GAK) və Dünya Azərbaycanlıları Konqresinin (DAK) birgə təşəbbüsü ilə Stokholmın mərkəzində keçirilən mitinq yerli vaxtla saat 15.00-da, Azərbaycanın dövlət himninin oxunması ilə başlayıb. Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra müxtəlif dillərdə GAK və DAK-ın müraciətləri, iki təşkilatın müştərək müraciəti və Xocalı soyqırımı, erməni terroru barədə yerli əhaliyə məlumatlar verilib. Aksiya keçirilən meydanda Xocalı soyqırımını əks etdirən müxtəlif plakatlar qurulub, stendlər asııb. Stokholmda bir saat davam edən mitinq Güney Azərbaycan Milli Hökumətinin (Pişəvəri hökumətinin) himninin oxunması ilə başa çatıb.
![]() |
![]() |
![]() |
LONDON. Azərbaycanlı Gənclər Klubu və «Kaspian-Xəzri»nin təşkilatçılığı ilə keçirilən aksiya britaniyalı jurnalistlərin toplaşdığı «Frontlayn Klub»da baş tutub. Fevralın 24-də keçirilən aksiyada çıxış edən doktor Fərəməz Yazıçı ilk öncə Qarabağın tarixinə, ermənilərin burada məskunlaşmasına qısa şəkildə toxunduqdan sonra Xocalı faciəsi barədə tədbir iştirakçılarına məlumat verib. O, mövzu ilə bağlı hazırladığı materialı izahlı şəkildə nümayiş etdirib.
Proqramın ikinci hissəsində Xocalı faciəsi haqqında çəkilmiş sənədli film göstərilib. Tədbirə Azərbaycan icmasının nümayəndələri ilə yanaşı Britaniyadakı türk icmasından qonaqlar və bəzi britaniyalı jurnalistlər də qatılıb.
![]() |
![]() |
KANADA. Fevralın 25-də Kanada-Azərbaycan Dərnəkləri Federasiyasının rəhbərliyi ilə bu qurumun mərkəzi ofisində anım mərasimi keçirilib. Mərasimdə Xocalı soyqırımı ilə bağlı məlumat verildikdən sonra Ontario Parlamentinin üzvü, ictimai təhlükəsizlik naziri Monte Kvinter Xocalı soyqırımı haqda fikirlərini bölüşüb.
O, Xocalı soyqırımı haqqında ilk dəfə eşitdiyini və bu həqiqətlərin Kanada, eləcə də dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb. Nazir Kanadada hər bir icmaya öz problemlərini tanıtmaq üçün şərait yaradıldığını da deyib.
Çıxışlardan sonra Xocalı soyqırımı ilə bağlı slaydlar nümayiş etdirilib. Sonra türk icmasının ən böyük məscidinin imamı Əbdülqədir Kəsvəlioğlu şəhidlərin ruhuna Quran oxuyub.
Mərasimdə «Kanadian Interfeyz Dialoq» və «Dicl» cəmiyyətlərinin nümayəndələri, jurnalistlər iştirak ediblər.
![]() |
![]() |










































