![]() |
|
Bakı, 18 fevral 2007 |
Bu gün Müsavat Partiyası Tarif Şurasının qərarı ilə ölkədə enerji daşıyıcılarının və kommunal xidmətlərin qiymətlərinin artırılmasına etiraz olaraq Bakıda yürüş-mitinq keçirib.
Müsavatın mətbuat xidməti sərt küləyə, qar yağmasına, temperaturun mənfi 5-6 dərəcəyə enməsinə baxmayaraq, metronun «Həzi Aslanov» stansiyasından Ukrayna dairəsinədək keçirilən sanksiyalaşdırılmış aksiyada minədək partiya fəalının və ictimaiyyət nümayəndəsinin iştirak etdiyini xəbər verir.
Saat 16-da başlayan aksiya nəzərdə tutulduğu kimi, 2 saat deyil, təxminən 1 saat çəkib. Aksiya insidentsiz ötüşüb.
Ukrayna dairəsində Müsavat başqanının müavini İbrahim İbrahimli mitinqi açıq elan etdikdən sonra söz partiyanın başqanı İsa Qəmbərə verilib.
İ.Qəmbər bildirib ki, mitinqdə çıxış etmək üçün siyasətçi, iqtisadçı və ziyalıdan, gənclərdən, ictimaiyyət nümayəndələrindən çoxlu müraciət olub: «Onlar çıxış edib sözlərini demək istəyirdilər. Biz də o fikirdəydik ki, müxtəlif çıxışlar səslənsin. Ancaq bu günkü hava şəraitini, sizlərin, bu fədakar insanların soyuqlaya biləcəyini nəzərə alaraq qərara gəldik ki, elə mən danışım, bununla da 18 fevral aksiyasını yekunlaşdıraq».
Bundan sonra Müsavat başqanı bir lətifəni xatırladıb: «Sovet dövründə bir kişi Moskvada, Kremlin qabağında vərəqə paylayırmış. Tutub aparırlar «KQB»yə. Soruşurlar ki, vərəqələri niyə paylayırsan? Cavab verir ki, sovet hökumətinin əleyhinə olduğuma görə. Deyirlər, axı, vərəqələr boşdur, orda heç nə yazılmayıb. Kişinin cavabı belə olur: «Hiyə yazım ki… Onsuz da hamı hər şeyi bilir də».
İndi Azərbaycanda da əslində hamının hər şeyi bildiyini qeyd edən Müsavat başqanı hakimiyyətin qiymətləri kəskin artırmasının, xalqa qarşı qəddar siyasət yürütməsinin üç əsas səbəbi (birincisi, Əliyev rejiminin savadsızlığı, elmi cəhətdən əsaslandırılmış siyasətinin, sosial-iqtisadi proqramlarının olmaması; ikincisi, hakimiyyətin acgözlüyü, korrupsionerliyi; üçüncüsü, rejimin xalqı saymaması) olduğu haqda ötən mitinqdə söylədiyi fikirləri xatırladaraq bildirib: «Biz bu gün həmin üç səbəbdən ikisinə təsir edə bilmərik. Biz durub bu adamlara savad verəsi deyilik. Quyuya su tökməklə quyu sulu olmaz. 2003-cü ildə mən bunlara kitab da göndərmişdim ki, oxusunlar, savadlansınlar, ancaq xeyri yoxdur, biz bunları savadlandıra bilməyəcəyik. İkinci səbəbə də təsir etmək çox çətindir. Bunların oğru, rüşvətxor xasiyyətini dəyişmək çətin məsələdir. Qozbeli qəbir düzəldər. Üçüncü məsələyə - onların xalqa sayğısızlığına, xalqla belə saymazyana davranmasına gəlincə, biz buna təsir göstərə bilərik».
İ.Qəmbər vurğulayıb ki, Müsavatın aksiyalar keçirməkdə məqsədi də elə budur: «Biz bu kütləvi tədbirləri, mitinqləri ona görə keçiririk ki, heç kim xalqın öz taleyinə biganə, laqeyd olduğunu deyə bilməsin. Hakimiyyət görsün ki, xalq öz hüququnu, haqqını tələb edir».
Qeyd edək ki, bu, Müsavat Partiyasının ölkədə qiymət artımına etiraz olaraq Bakıda keçirdiyi ikinci yürüş-mitinqdir. Əvvəlki aksiya (məlumat; şəkillər 1 2 3) yanvarın 28-də, yenə «Həzi Aslanov»-Ukrayna dairəsi marşrutu üzrə keçirilmişdi (həmin marşrutun kosmosdan görünüşü).
Xatırladaq ki, Tarif Şurası ölkədə enerji daşıyıcılarının və kommunal xidmətlərin qiymətlərini bu il yanvarın ilk həftəsində qaldırıb.


































