Məmməd Nazimoğlu adına Söz Azadlığını Müdafiə Fondu (SAMF) “Kaspian Plaza” Biznes Mərkəzinin konfrans zalında “KIV-də peşəkarlıq problemini yaradan səbəblər” mövzusunda dəyirmi masa keçirib.
Mərhum jurnalist Məmməd Nazimoğlunun xatirəsinin bir dəqiqəlik sükutla anıldığı və fondun sədri, şair Musa Yaqubun giriş sözü ilə başlanan dəyirmi masada layihənin koordinatoru Nəzirməmməd Quliyev çıxış edib. O bildirib ki, Söz Azadlığını Müdafiə Fondu fəaliyyətinin yeni mərhələsinə start verərkən ilkin olaraq “KİV-də peşəkarlıq problemi və bu problemi yaradan səbəblər” mövzusunu ictimai müzakirəyə təqdim etmək qərarına gəlib: “Əslində təşkilat öz üzərinə söz azadlığının müdafiəsi kimi demokratik, hüquqi dövlətlərə xas bir missiyanı götürdüyü üçün biz bu istiqamətdə lazımlı hesab edilən mövzularla bağlı geniş layihələri reallaşdırmaq niyyətindəyik. Lakin peşəkarlığın KİV-lə bağlı bütün komponentlərin əlifbası olduğunu nəzərə alaraq ilkin müzakirəyə bu mövzunu çıxardıq”.
Layihə koordinatoru əlavə edib ki, hər bir azərbaycanlının mənzilinə qeyd-şərtsiz daxil olan KİV-lər ölkə vətəndaşlarının bugünkü və gələcək həyatlarında silinməz izlər buraxır: “Bura, şübhəsiz ki, bəsit məzmunlu, qeyri-dəqiq məlumatlarla zəngin və nəticədə ölkənin imicinə həm daxildə, həm də beynəlxalq aləmdə ciddi zərbələr vuran jurnalist məhsullarını da əlavə etmək zamanıdır. “Reket” qəzetlərin mövcudluğu ölkədə qeyri-peşəkar jurnalistikanın “cəbhə boyu hücuma keçməsinin” məntiqi nəticəsidir”.
Mövzu ətrafında diskussiyalarda APA-nın direktoru Vüsalə Mahirqızı, JUHİ sədri Müşfiq Ələsgərli, media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili, ADP mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılov çıxış ediblər.

































