![]() |
|
Əsgər Əkbərzadə |
Ərdəbilli tələbə fəalı Əsgər Əkbərzadə həbs edilib. «Media forum» saytı xəbər verir ki, ETTELAAT əməkdaşları iyunun 9-da onu qaldığı evdən tutub aparıblar. Onlar Ə.Əkbərzadənin şəxsi əşyalarını, o cümlədən kitablarını və əlyazmalarını da müsadirə ediblər.
Ərdəbilin Pəyami-Nur Universitetində kimiya ixtisası üzrə təhsil alan Ə.Əkbərzadə 2006-cı ildə «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq keçirilən və qanlı qarşıdurma ilə nəticələnən aksiyalarda iştirak etdiyinə görə dörd ay həbsdə yatıb. Ərdəbil İnqilab Məhkəməsinin məhkum etdiyi Əkbərzadə bu ilin aprel ayında azadlığa buraxılmışdı.
Bundan başqa o, aksiyalara çağıran vərəqələr yaydığına görə 600 min tümən (təxminən 700 dollar) həcmində də cərimələnib.
Beynəlxalq Amnistiya Təşkilatı 2006-cı ilin noyabrında və 2007-ci ilin fevralında Ə.Əkbərzadə ilə bağlı iki bəyanat yayıb.


































