![]() |
|
Vüqar Bayramov |
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri bildirir ki, məbləği 35 min manatadək olan və kredit faizi 4-dən çox olmayan sosial kreditlərdən bundan sonra əhalinin çox müxtəlif kateqoriyaları faydalana biləcək: «Prezidentin yanvarın 23-də imzaladığı fərmanında hökumətə Müdafiə Nazirliyi ilə yanaşı başqa silahlı birləşmələrdə çalışan hərbi qulluqçuların da güzəştli kreditlərdən istifadə etməsi ilə bağlı təkliflərin 2 ay ərzində hazırlanıb dövlət başçısına təqdim edilməsi tapşırılmışdı. Son dəyişiklik faktiki olaraq hökumətin 23 yanvar fərmanında qeyd olunan göstərişi yerinə yetirməsi deməkdir».
Bəs yeni fərman ipoteka kreditləşməsində nəyi dəyişəcək? Bu sualı cavablandıran V.Bayramov öncə qeyd edir ki, sosial ipoteka kreditlərindən istifadə hüququ olan insanların sayının genişlənməsi təqdirəlayiq haldır: «Bu, hərbçilərin daha güzəştli şərtlərlə mənzilə almasına yardım göstərə bilər. Amma İpoteka Fondunun son məlumatları heç də nikbinlikdən xəbər vermir».
Fondun məlumatılarına əsaslanan V.Bayramovun dediyinə görə, bu ilin may ayınadək ipoteka kreditləşməsi sahəsində fəaliyyət göstərən müvəkkil kredit təşkilatları tərəfindən ümumi həcmi 36 milyon manat təşkil edən 1000 ipoteka krediti verilib. Kredit alanların 70%-i gənclər və gənc ailələrdir. Bu günədək ümumi məbləği 1 milyon 37 min manat təşkil edən 45 güzəştli ipoteka krediti verilib: «Məsələnin bir tərəfi ondan ibarətdir ki, fond 2006 və 2007-ci illər üçün nəzərdə tutulan 46 milyon manat vəsaitin 36 milyon manatını artıq xərcləyib. Yəni 3 ay ərzində fondun müvəkkil bankları 30 milyon manatdan artıq ipoteka krediti veriblər. Bu ilin qalan 8 ayı üçün fondun ehtiyatında cəmi 10 milyon manat qalır. Bu isə o deməkdir ki, sosial güzəşt hüququ olanların dairəsinin genişlənməsi heç də həmin hüquqdan faydalananların sayının artması ilə nəticələnməyəcək».
«Məntiq sadədir: pul yoxdursa, kredit də olmayacaq» deyən ekspert may ayına 10 milyon manatla «daxil olan» fondun sosial kreditlərə xüsusi vəsait ayırmasını mümkün saymır.
V.Bayramov bu sahədə vəziyyətin çox gərgin olduğunu vurğulayır: «Hətta İpoteka Fondu özünün rəsmi saytındakı «Statistka» bölməsini ləğv edib. Saytdan çıxarılan həmin bölmədə aylar üzrə verilən kreditlərin statistikası ictimaiyyətə təqdim edilirdi və bununla da fondun vəsaitlərinin xərclənməsini izləmək mümkün olurdu. Görünür, son ipoteka bumu fond rəhbərliyini bu addımı atmağa məcbur edir. Bu əslində onu göstərir ki, fond kreditlərin verilməsi sahəsində «taym-out» götürməyi planlaşdırır».
Bu ilin mayınadək kredit açılan 700 müqavilədən yalnız 45-nin, yəni bütün kredit müqavilələrinin 6,5 faizinin güzəştli olduğunu deyən V.Bayramovun fikrincə, bu göstərici sosial ipoteka kreditləşməsi sahəsində problemin mövcudluğundan xəbər verir: «Təbii ki, əsas səbəblərdən biri sosial ipotekanın maksimum məbləğinin mənzil bazarındakı qiymətlərə uyğunlaşdırılmamasıdır. Maksimum 35 min manat əldə etmək imkanı olan «sosial güzəştçilər» Bakıda mənzil tapmaq problemi ilə üzləşirlər».
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri hesab edir ki, sosial kreditləşməsinin aşağı səviyyədə qalmasının başqa səbəbi həmin kreditlər üzrə faiz dərəcələrinin aşağı olması ucbatından bu kreditləşməyə rəsmi marağın arta bilməməsindədir: «Doğrudur, müvəkkil banklar bütün hallarda faiz fərqindən gəlir əldə edirlər, amma sosial kreditləşmədə bu qazanc elə də yüksək deyil. Belə olan halda isə sosial kredit almaq hüququ olanların dairəsinin genişlənməsi heç də sosial kredit alanların sayının artması ilə ekvivalent olmayacaq. Beləliklə, son fərmanla sosial ipoteka həvəsində olanların siyahısına yeniləri əlavə edilib, baxmayaraq ki, həmin hüquqdan istifadə imkanları çox azdır».
«Media forum»
Mövzu ilə əlqaədar bax:
İPOTEKA KREDİTLƏRİNİN VERİLMƏSİ ŞƏRTLƏRİ YÜNGÜLLƏŞDİ
QUBAD İBADOĞLU İPOTEKA VERİLMƏSİ QAYDALARINDAKI DƏYİŞİKLİKLƏRİ ŞƏRH EDİR
YENİ ŞƏRTLƏRLƏ İPOTEKA KREDİTİ ALMAQ İSTƏYƏNLƏR ÜÇÜN ƏYANİ VƏSAİT (Düzəliş olunmuş variant. Materiala kalkulyator da əlavə edilib)
İPOTEKA KREDİTİ İLƏ EV ALANDA ÖDƏNİLƏCƏK DÖVLƏT RÜSUMUNUN MƏBLƏĞİ MÜƏYYƏNLƏŞDİ
İPOTEKA FONDU DƏYİŞİKLİKLƏRİN İNDİYƏDƏK KREDİT ALMIŞ ŞƏXSLƏRƏ DƏ ŞAMİL OLUNMASI ÜÇÜN BANKLARA MƏKTUB GÖNDƏRİB
GÜZƏŞTLİ İPOTEKA KREDİTİ GÖTÜRƏNLƏRİN SAYI 3, ÜMUMİ İPOTEKA GÖTÜRƏNLƏRİN SAYI İSƏ 311 NƏFƏRDİR
İPOTEKADA YENİ PROBLEM: EVİ HARDAN TAPACAQSAN?
İPOTEKA KREDİTİNƏ YENİ DƏYİŞİKLİKLƏR NƏ VƏD EDİR?
«İPOTEKA BUMU». 2 İL ÜÇÜN NƏZƏRDƏ TUTULAN 46 MİLYON MANATIN 30 MİLYONU SON 3 AYDA XƏRCLƏNİB


































