Azərbaycan da daxil olmaqla bütün postsovet məkanı əsasən bilyardın «rus bilyardı» adlanan növü ilə maraqlanır. Dünyanın başqa yerlərində isə bilyardın «Pul» növünü sevirlər (əsasən ABŞ-da). Bilyardın «Snuker» və «Karambol» növləri də ən çox sevilən oyunlardandır. Hətta «Snuker»in vətəni İngiltərədə bu oyun növü üzrə təhsil ocağı da var. Azərbaycanda da «Snuker»in, «Pul»un, «Karambol»un həvəskarları var və hətta bəzi klublarda məhz bu növlər üçün nəzərdə tutulan bilyard masalarına rast gəlmək olar.
Rus bilyardının əsasən üç növü həm həvəskarlar, həm də peşəkarlar arasında sevilir: «Piramida», «Moskva Piramidası» və «Piramida 8 şar». Azərbaycanda bilyard üzrə çempionatlar məhz bu növlər üzrə keçirilir.
«Piramida 8 şar»ın (bilyardçılar buna «şvedka» da deyirlər) qaydalarına görə oyunçu bir şarla səkkiz «özgə» şarı - zərbə endirdiyi yox, zərbə endirilən şarın toxunduğu şarları - luzaya salmalıdı. Oyunçunun kiylə zərbə endirdiyi şar luzaya düşsə, o, cəzalandırılacaq. «Moskva piramidası» («Sibiryaçka») da eyni qaydalarla seçilir. Fərq ondadı ki, bu oyunda kiylə zərbənin endirildiyi şar da luzaya düşsə, hesaba alınır.
Ən maraqlı və çətin növ isə «Piramida»dı («Amerikanka»). Bu oyunda bütün şarlardan istifadə edərək şarları luzalara salmaq olar. Oyunun çətinliyi ondadı ki, masanın üzərindəki bütün şarları nəzarətdə saxlamaq gərəkdi. Demək olar ki, bütün yüksək səviyyəli turnirlər əsasən «Piramida» üzrə keçirilir. Bizim idmançılarımız da bilyardın ən çox bu növü üzrə yarışlarda iştirak edirlər.
Bilyard dövrün tələbinə uyğun olaraq sürətlə dəyişməkdə davam edir. Qaydalar oyunun daha maraqlı və dinamik olmasına yönəlir. Geniş, işıqlı və bahalı klubların daimi üzvləri bilyardda baş verən dəyişikləri bilir və yeni qaydalara uyğun oynamağa çalışırlar. Adi məhəllə bilyardında isə qaydaları oyunçular özləri təyin edirlər. Çox vaxt bu yerlərdə masalar, kiylər standartlardan uzaq olur. Bilyard avadanlığı son dərəcə bahalıdı və xüsusi dəqiqliklə hazırlanır. Ucuz masalar və kiylər lazımi effekti verməsə də, cavanların bilyarda olan marağını qismən təmin edir.
Azərbaycan bilyardının qısa tarixi
Bilyardın bir idman növü kimi təşəkkülü elə də uzaq tarixə aid deyil. Çar Rusiyası dövründə bütün şəhərlərin traktirlərində oynanılan bu oyun sovet hakimiyyətinin elə ilk illərindən düşməncəsinə qarşılanıb. Sovet ideoloqları bilyardı yad burjua mədəniyyətinə aid ediblər, çünki bilyard doğrudan da müəyyən təbəqənin maraq dairəsində idi. Amma get-gedə bilyard yenə də hakimiyyətin - bu dəfə kommunistlərin əyləncəsinə və sevimlisinə çevrildi. Nomenklatura işçilərinin istirahət yerlərinin mütləq atributu olan bilyardın «aşağılar» üçün əlçatmaz qalması da uzun sürmədi və yavaş-yavaş sovet parklarında, istirahət ocaqlarında, mədəniyyət klublarında bilyard masaları qoyuldu.
1970-ci illərdə Bakı bulvarında da bilyard masaları peyda oldu. Bu masaların daimi müştəriləri arasında dərsdən qaçan şagirdlər də az olmayıb.
Yenidənqurma illərində Rusiyanın, o cümlədən iri şəhərlərin özünün (Mokva, Sankt-Peterburq) bilyard federasiyaları yaradıldı. SSRİ-də baş verən dəyişikliklər Azərbaycandan da yan ötmədi.
1989-cu ildə ilk dəfə Azərbaycan Bilyard İdmanı Federasiyası (ABİF) yaradıldı. Federasiyanın prezidenti Məmməd Məmmədov oldu. ABİF-in ofisi dənizkənarı parkdakı zalda yerləşdi. Federasiya yeni bilyard nəslinin formalaşmasında böyük rol oynayırdı. M.Məmmədov özü Rusiyada və Türkiyədə keçirilən yarışlarda iştirak edir və istedadlı gənclərin də bu yarışlarda iştirakına imkan yaradırdı. Amma 1994-cü ildə M.Məmmədovun qəfil vəfatı federasiyanın fəaliyyətini də dondurdu.
Ölkədə və əsasən Bakıda çoxlu bilyard klubu yaransa da, bu klublar kommersiya xarakterli olduğundan bilyardın idman növü kimi inkişafına kömək etmirdi. Vəziyyət 2000-ci ildə dəyişdi.
Həmin il mayın 20-də ölkəmizdə ilk idman bilyard klubu - «Piramida» yaradıldı. Bu, İlham Aslanovun təşəbbüsü ilə baş verdi.
![]() |
|
İlham Aslanov |
İlham Aslanov «Exo» qəzetinin 12 oktyabr 2002-ci il tarixli sayına müsahibəsində o illərdəki vəziyyəti belə qiymətləndirir: «1994-cü ildə Məmməd Məmmədovun qəfil ölümü ilə əlaqədər federasiya öz fəaliyyətini demək olar ki, dayandırdı. Bir müddət Bakıda, demək olar, bilyard oynamadılar. Daha sonra bilyard klubları açılmağa başladı ki, onların da əsas məqsədi maddi gəlir idi. Bu vəziyyət bilyardı sevən bir insan kimi məni narahat edirdi. Tezliklə mən ölkənin bilyard bilicilərini bir yerə yığdım və bilyard federasiyasını bərpa etməyi təklif etdim ki, Azərbaycan idmançıları rəsmi beynəlxalq turnirlərdə iştirak edə bilsinlər. Onlar mənə dəstək verdilər».
Federasiyanın ilk möhür və sənədləri M.Məmmədovun vəfatından sonra vitse-prezident Cəlaləddin Babayev tərəfindən qorunub saxlanmışdı.
ABİF-in 2000-ci ilin sentyabrında keçirilən növbədənkənar konfransında Bakıdakı yeganə bilyard idman klubunnu rəhbəri İ.Aslanov federasiyanın prezidenti seçildi.
2000-ci il oktyabrın 7-də ABİF-in rəsmi açılış mərasimi oldu. Mərasim «Nizami» kinoteatrında baş tutdu. Açılış mərasimi yüksək səviyyədə keçirildi və böyük marağa səbəb oldu. Dəvət olunan qonaqlar arasında o vaxtkı gənclər, idman və turizm naziri Əbülfəz Qarayev, «Azal» aviaşirkətinin prezidenti Cahanqir Əsgərov, Dövlət Neft Şirkətinin nümayəndəsi Yaşar Babayev də vardı. Mərasimi şoumen Qorxmaz Əlili aparırdı. Yaddaqalan hadisələrdən biri də qonaqları musiqi ilə sevindirən müğənnilərdən Səməd Səmədovla Qorxmaz Əlili arasında keçirilən və heç-heçə nəticələnən bilyard matçı oldu. Q.Əlili ABİF-in üzvlərindən biridi. O, federasiyanın keçirdiyi bütün yarışlarda və tədbirlərdə iştirak edir.
ABİF hazırda beş bilyard təşkilatının - Avropa Piramida Komitəsi, Avropa Bilyard Konfederasiyası, Beynəlxalq Piramida Komitəsi, Beynəlxalq Bilyard Assosiasiyası və Beynəlxalq Piramida Konfederasiyasının üzvüdür.
Azərbaycan artıq qapalı sistemdən çıxaraq beynəlxalq səviyyəli turnirlərdə iştirak etməyə imkan qazanıb. 2001-ci ilin mayından Azərbaycanda hər il rus bilyardının növləri üzrə çempionatlar keçirilir və hər ilin sonunda mütləq respublika çempionu adı uğrunda yarış olur.
2003-cü ilin iyununda «Piramida» klubu daha geniş və işıqlı zala (köhnə univermağın qarşısındadır) köçdü. Yeni zal müasir və dünya çempionatının tələblərinə uyğun bilyard masaları ilə təmin olunub. «Piramida»da rus bilyardı ilə yanaşı, başqa bilyard növlərinə aid masalar da var. Zal və masalar dünya səviyyəli bilyard yarışlarını keçirməyə tam hazırdı.
ABİF-n yetirmələri
![]() |
|
Əmir Hüseynov |
O öz arzusuna 2001-ci ildə çatır. 22 yaşlı Ə.Hüseynov Vilnüsdə keçirilən dünya çempionatında Panteleyevi məğlub edir və 64 iştirakçı arasında 4-cü yeri tutur. Həmin yarışda Qazaxıstan nümayəndəsi Kanıbek Saqındıkov çempion olur. Dünya çempionluğunun bir addımında olan Əmirə, görünür, beynəlxalq yarışlarda təcrübəsinin azlığı mane olur. Buna baxmayaraq, bu, ABİF-in ilk uğuru idi. Ə.Hüseynov bu uğuruna görə beynəlxalq dərəcəli idman ustası (BDİU) adına layiq görülüb. O, 2001-ci ildə tam əminliklə dünya çempionu olacağını söyləyirdisə də, hələlik bu ona qismət olmayıb. Daha bir neçə dəfə ölkə çempionu adına layiq görülən Ə.Hüseynov beynəlxalq yarışlarda özünün ilkin uğurunu da hələ təkrarlamayıb.
Başqa istedadlı bilyardçılarımız sırasında respublikanın ikiqat mütləq çempionu Azər Hacıyevin, Bakı və respublika çempionu Rüstəm Kərimovun (BDİU), Bakı və mütləq respublika çempionu Seyhun Ağayevin (İU) adlarını çəkmək olar.
![]() |
|
Azər Hacıyev |
Azər Hacıyev yerli çempionatların daimi favoritidi. Bir neçə dəfə respublika çempionu adına layiq görülüb, iki dəfə mütləq çempion olub. Beynəlxalq yarışlarda adətən turnirlərin orta hissəsində yer tutur. A.Hacıyevin ən böyük uğuru 2004-cü il Avropa çempionatında qazandığı bürünc mükafat olub. O, ABİF-ə böyüklər arasında keçirilən turnirlərdən ilk medal gətirib.
![]() |
|
Rüstəm |
![]() |
|
Seyhun Ağayev |
Həmişə yerli çempionatlarda uğurla çıxış edən və sözsüz ki, əsil bilyardçı istedadına malik olan idmançılardan biri Seyhun Ağayevdi. S.Ağayev Azərbaycanın 2002-ci ilin bilyard üzrə mütləq çempionudu. Seyhun qeyri-adi bilyard üslubuna malikdir. Rəqibləri çox vaxt onun oyunundan baş çıxara bilmirlər. Bəzi hallarda ən güclü bilyardçılar belə onunla oynamaqdan çəkinir.
S.Ağayev nadir istedaddı, lakin uzun illərdir ki, öz istedadını lazımınca üzə çıxara bilmir. Bir neçə dəfə beynəlxalq yarışlarda gözəl oyun göstərən oyunçu çox vaxt yerli çempionatlarda uğursuzluğa düçar olur və yığmanın tərkibinə düşə bilmir. Sonuncu dəfə 2005-ci ilin fevralında S.Ağayev Bakı çempionatının finalında Ə.Hüseynova 7:3 hesabı ilə qalib gələrək Bakı çempionu adına layiq görülüb.
![]() |
|
Seymur Məmmədov |
Avropa 2005-in finalında Seymur ukraynalı Yaraslav Vinokura, 2006-cı ilin finalında isə yenə də ukraynalı idmançıya – Aleksadr Palamara məğlub oldu. 2006-cı ildə Seymur Vinokurdan məğlubiyyətin əvəzini çıxa bildi: 1/4 finalda onu 5:4 hesabı ilə məğlub etdi. Di gəl, çempion ola bilmədi. Amma Seymur bu tempdə oynamağa davam etsə, yəqin ki, çempion olacaq.
Azərbaycan yığmasını xaricdə təmsil edən bilyardçılardan daha ikisinin adını çəkmək olar: Rauf Mustafaev və Niyazi Xələfov.
![]() |
|
Rauf Mustafayev |
Rauf Mustafayev milli çempionatlarda kifayət qədər yaxşı təsir bağışlayır. Xüsusi uğurları olmasa da, birinci səkkizliyə tez-tez düşür. Azərbaycan yığmasında bir neçə dəfə xarici ölkələrdə çıxış edib. Ən uğurlu çıxışı 2004-cü ildə «Qafqaz» kuboku uğrunda yarışda olub. R.Mustafayev yarışda 1/4 finala qədər yüksəlib, amma bu mərhələdə ukraynalı Serqey Petraşa uduzub.
![]() |
|
Niyazi Xələfov |
Azərbaycan çempionatlarında orta və yaşlı nəslin nümayəndələri də oynayır. Yerli çempionatlarda ABİF-in prezidenti İ.Aslanov, vitse-prezident C.Babayev, oynayan məşqçi Şəmsi-Azadi Əliyev (BDİU), yığmanın məşqçisi Firudin Ələsgərov, veteran oyunçu Gülağa Quliyev, 2001-ci il «Piramida» üzrə çempionatın gümüş mükafatçısı İlham Muradov da iştirak edir.
Əlbəttə, orta və yaşlı nəslin nümayəndələrinə cavanlarla mübarizə aparmaq çətindi, amma oyunlar çox gərgin mübarizə şəraitində keçir. Hətta hərdənbir uğurlu nəticələr də olur. Məsələn, BDİU Şəmsi-Azadi Əliyev 2004-cü ildə «Moskva Piramidası» üzrə çempion adını qazanıb.
|
|
Alla Kolupayeva |
2006-cı ildə Azərbaycanın qadın idmançıları arasında bir təmsilçisi – Alla Kolupayeva da Avropa çempionatında iştirak edib. Alla ilk oyununda Litva bilyardçısı Albina Olşevskayanı məğlub etsə də, sonra iki dəfə dalbadal Rusiya və Belarus bilyardçılarına uduzub və mübarizəni dayandırıb.
Azərbaycan bilyardının problemləri
Bilyardın problemləri az deyil. Hər bir idmanın inkişafı ona yönəldilən vəsaitlə düz mütənasibdi. ABİF-in maliyyə durumu onun prezidentinin ruh yüksəkliyinə və fəaliyyətinə bağlıdı. Məsələn, onun mətbuatda verdiyi müsahibələrdən belə məlum olur ki, ilk idman klubu təşkil edilərkən Rusiya bilyard federasiyası ilə danışıqlar nəticəsində oradan hətta maya qiymətindən aşağı dəyərə masalar almaq mümkün olub. Bu da bir müddət işin gedişinə təkan verib.
Artıq qeyd etdiyimiz kimi, bilyard avadanlığı çox bahadı. Ortabab bilyard kiyinin qiyməti 150-200 ABŞ dolları həcmində olur. Xüsusi yüksək səviyyəli kiylərin qiyməti 1000 dollara qədər yüksəlir. Bilyard masasının qiyməti bir yana dursun, masanın qulluğu çox baha başa gəlir, çünki bir qədər istifadə olunandan sonra masanın üzərindəki xüsusi parça dəyişilməlidi. Üstəlik, parça hər gün mütləq tozsoranla təmizlənməlidi ki, toz parçanı tez korlamasın. Bundan əlavə masanın müstəvidə yerləşdirilməsi xüsusi dəqiqlik tələb edir. Masa tam düz olmalıdı. Heç bir tərəfi yuxarı və ya aşağı ola bilməz. Luzalar da şardan cəmi 4-6 millimetr artıq olur. Nə az, nə çox - 76-78 millimetr.
Azərbaycanda yüksək ixtisaslı bilyard masa ustalarının qıtlığı hiss olunur. Çox vaxt Rusiyadan və ya Belarusdan ustaları çağırmaq lazım gəlir ki, bu da artıq xərcdi. İdmançıların avadanlıqla bağlı xərcləri ABİF-in üzərinə düşür.
İdmançıların xaricdəki çıxışları müxtəlif vasitələrlə maliyyələşir. Bəzi vacib yarışları Gənclər və İdman Nazirliyi öz üzərinə götürür. Amma bu bütün hallarda baş vermir, çünki bəzi yazılmamış qanunlara görə daha çox perspektiv sahələr və idman növləri maliyyələşir. Bilyardda heç olmasa bir-iki çempion olsaydı, bu sahənin maliyyəsi daha güclü olardı. Bilyardçıların xarici ölkələrdə çıxış etməsinə yardım göstərənlər arasında bilyarda marağı olan imkanlı şəxslər də az deyil.
Bəzi istedadlı idmançıları elə ABİF özü maliyyələşdirir. Amma əsil çempionların yaranması təkcə maliyyə ilə yox, həm də psixoloji səbəblərlə bağlıdı. Yerli çempionatlarımız hələ ki, zəifdi. Adətən burada oynayan oyunçular bir-birinin oyununu gözəl bilir və o qədər də maraqla oynamırlar. Yəni yerli turnirlərdə inkişaf etməyə imkan azdı. Məsələn, Rusiyanın hər hansı ortabab regionunun bilyard imkanı Azərbaycanın imkanlarından böyükdü. Rusiya idmançıları ürəkləri istədikləri qədər turnirlərdə iştirak edə bilirlər.
İndi Azərbaycanda bilyardın gələcək inkişafı həm də bilyardın hansı növünün olimpiya oyunlarının siyahısına daxil ediləcəyindən asılıdı. Hazırda Azərbaycan ancaq rus bilyardı ilə təmsil olunursa, bilyardın «Pul» növünün olimpiya oyunlarına salınacağı təqdirdə bir sıra idmançıların məhz bu növə üz döndərəcəyi istisna deyil. Amma bu hələ ehtimaldı.
İsmayıl İSMAYILOV
Mövzu ilə əlaqədar bax:
BİLYARD: VURAN UDUZMUR
MİLLİMETR DƏQİQLİYİ TƏLƏB OLUNAN YERDƏ HİSSİYYATA QAPILMAĞIN ADI YOXDU («Bilyard: vuran uduzmur» silsiləsindən)









































