T.Eminbəylinin sözlərinə görə, dünən Təbrizdə tələbə hərəkatına dəstək olaraq yüz minlərlə insan küçələrə çıxıbmış. Saatqabağı adlanan yerdən Bazar meydanı adlanan yerədək böyük bir ərazi insan seli ilə dolubmuş.
«İslam keşikçiləri» kimi tanınan qüvvələrin bəzi üzvləri xalqın tərəfinə keçsə də, milliyyətcə türk olan bir sıra məmurlar xalqa güllə atmaq əmrini yerinə yetirməkdən boyun qaçıraraq mitinqçilərə qoşulsa da, bütün bunlar atəşin qarşsını almaq üçün kifayət etməyib: İran rejimi Azərbaycan xalqına güllə atıb.
Aksiya zamanı İranın güc strukturları başqa təxribatlaradan da istifadə ediblər. Öyrədilmiş adamlar mağazaların, bankların şüşələrini sındırırmış ki, dinc etiraz aksiyasını sonradan dağıdıcı bir hərəkat kimi qələmə vermək mümkün olsun. Bir neçə polis avtomobilinin və motosiklin də yandırıldığı bildirilir.
Aksiyada İranın dövlət bayrağı da yandırılıb.
Aksiyanın sonlarına yaxın hökumət qüvvələri vertolyotlardan da istifadə edib. Vertolyotlardan mitinqçilərə güllə atılıb, onların üstünə gözyaşardıcı qaz buraxılıb.
Məlumata görə, Zəncan şəhərində də aksiyalar keçirilir. Mitinqlərin Güney Azərbaycanın digər şəhərlərində də keçiriləcəyi, eyni zamanda Təbrizdə və Zəncanda davam etdiriləcəyi xəbər verilir.
T.Eminbəyli bildirir ki, dünən Təbrizdən GünazTV-yə (Çikaqo) zəng edən soydaşlarımız «Yaşasın Azərbaycan!», «Azərbaycan oyaqdır, dilimizə dayaqdır!», «Ölüm olsun molla rejiminə!», «Hay, hay, hay, mən türkəm!», «Mənim dilim ölən deyil, başqa dilə dönən deyil» kimi şüarlar səslənidiriblər.

































