
Fevralın 2-də paytaxtın həyatını iflic etmiş qar-çovğun əksər gündəlik qəzetlərin nəşrinə fasilə verməsi ilə nəticələndi. Bu vəziyyət saytların fəaliyyətinə də təsir etdimi?
“Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı “Media forum” saytına açıqlamasında bildirib ki, kəskin hava şəraitinin müəyyən problemlər yaratması təbiidir: “Təəssüf ki, əlaqədar qurumlar bu problemləri həll etməyə heç vaxt hazır olmur. Redaksiyamızda tez-tez işıqlar söndü. Əməkdaşlarımızın da xeyli hissəsi işə gəlmədi. Belə günlərdə mətbuat işçiləri yoltəmizləyənlərdən də pis işləyirlər. Bunu düzgün hesab eləmirəm, çünki belə havalarda jurnalislər daha operativ işləməlidir. Ancaq biz fəaliyyətimizi dayandırmadıq. Bacardığımız qədər çalışdıq. Pis hava şəraiti oxucularımızın sayına da təsir edib və bu anlaşılandır”.
Lent.az İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğlu saytın fəaliyyətini dayandırmadıqlarını deyib: “Bir əməkdaşımız işə gələ bilməmişdi, çünki dünən ictimai nəqliyyat pis işləyirdi. Amma saytın işi həmişəki qaydasında davam edib. Günortadan sonra işıqlarımız bir-iki dəfə artıb-azaldı, amma şükür ki, heç bir problem olmadı".
“Qafqazinfo.az” saytının baş redaktoru Elbrus Ərud qeyd edib ki, ofisə getmək mümkün olmadığı üçün saytı evdən idarə ediblər: “Dünən heç kim gəlməmişdi, bu gün vəziyyət daha yaxşıdır. Əməkdaşlarımızın yarısı iş başındadır. Çalışırıq”.
“Qaynar.info” saytının əməkdaşları da oxşar problemlərlə üzləşiblər. Baş redaktor Fərid Şahbazlı bildirib ki, fevralın 2-də işçilər redaksiyaya gələ bilməyiblər: “Dünən saytı evdən idarə etdik. Amma internetin zəif olması işimizi daha da çətinləşdirdi. Azərbaycanda keyfiyyətsiz internet problemi həmişə var, hava pisləşəndə isə lap dözülməz olur. Bütün bunlar göstərir ki, Bakı qışa hazır deyil”.
Kamilə MƏHƏRRƏMOVA


