Media Hüququ İnstitutu “İnternet azadlığı və tənzimlənməsi: universal perspektivlər və Azərbaycandakı gəlişmələr” movzusunda konfransdan məlumat yayıb.
Fevralın 2-də İREX təşkilatının və Böyük Britaniya səfirliyinin dəstəyi ilə keçirilən konfransda danışan Avropa Şurası Bakı ofisinin rəhbəri Konstantin Yerokostopoulos deyib: “İnternetə çatım hər kəsin hüququdur. Azərbaycan da Avropa Şurası qarşısında bununla bağlı öhdəlik götürüb. Hər bir vətəndaşın bu haqqı tanınmalı və hökumət internet istifadəçilərinin hüquqlarını qorumalıdır. Hökumətlər ilk növbədə internetə çatımı təşkil etmək vəzifəsi daşıyırlar. Çatım yalnız iri şəhərlərlə məhdudlaşmamalıdır, bütün ucqarlar, bütün insanlar təmin olunmalıdır. Hökumətlər həm də internetin davamlılığını təmin etmək vəzifəsi daşıyırlar. Bütün bunlar Avropa Şurası üçün həyati önəm daşıyan məsələlərdir və üzv ölkələrdə də belə olmalıdır. Blok qoyulması qəti yolverilməzdir. Bu, Avropa Şurası öhdəliklərinə ziddir”.
Böyük Britaniya səfirinin müavini Adrian Li qeyd edib ki, internet yeni media olaraq geniş imkanlar yaradır: “İnternet hamıya açıq və çatımlı olmalıdır. Tənzimləmə ilə bağlı narahatlıq lazım deyil. İnternet azadlığı onsuz da düzənlənir. Bu sahə ifadə azadlığının ayrılmaz tərkib hissəsi olaraq Avropa Konvensiyasının 10-cu maddəsinin təsir dairəsindədir. İstər internetə müdaxilələr, istərsə də onun verdiyi haqlar bu maddə ilə tənzimlənir”.
Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı deyib ki, hər kəsin internetə çıxış imkanına sahib olması həm də informasiyalı cəmiyyətdə yaşamaq, ifadə azadlığına sahib olma haqqıdır: “Artıq inkişaf etmiş ölkələrin əksəriyyəti internetə çıxış haqqını fundamental haqq kimi qəbul edib. 2010-cu ildə Finlandiyada bununla bağlı qanun da qəbul edilib. Həmin qanun ölkə vətəndaşlarına saniyədə 1 meqabit internet almaq hüququ verir. Estoniya və Norveçdə də oxşar qanunlar qəbul edilib. Azərbaycanda belə qanunlar, qaydalar yoxdur. Bizdə “KİV haqqında” qanun interneti KİV-lər siyahısına aid edib. Bu da mübahisəlidir, bəzən belə arqumentlər də səsləndirilir - internet rabitədir, telefon rolunu oynayır, onda telefonu da KİV saymaq olar? İnternetlə bağlı ayrı-ayrı qanunlarda başqa düzənləmələr də var, bunlar da daha çox terrorçuluqla mübarizə, intellektual haqların qorunması ilə bağlı məhdudlaşdırıcı normalardır.
Provayderlərin durumu ilə bağlı xeyli narahatlıq doğuran qayda mövcuddur. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2000-ci ildə verdiyi bir əmrə görə, provayderlərin internetə çıxışı durdurmaq səlahiyyəti var. Bu, çox sərt mexanizmdir. Həm də prosedurası bəlli deyil, provayderlər bunu hansı hallarda edə bilər kimi suallar açıq qalır. Həm də bu, yolverilməzdir, məhdudlaşdırma məhkəmə qərarı ilə olmalıdır”.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təmsilçisi Kamal Məmmədov çıxışında qeyd edib ki, internetə çatım universal hüquqdur: “Ümumilikdə Avropa məkanında 2015-ci ilədək bu hüququn təmin olunması istiqamətində zəruri işlərin görülməsi, genişzolaqlı xidmətin inkişaf etdirilməsi nəzərdə tutulur. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də 2015-ci ilədək qabaqcıl ölkələrin səviyyəsinə çatmaq üçün gərəkli addımları atır. Bütün evlərin netləşməsi istiqamətində proqrmalar işlənir, zəruri infrastruktur yaradılır”.
Nazirliyin rəsmisi Azərbaycanda bloklama ilə bağlı probelməlir olmadığını, yalnız Təhsil Nazirliyinin məktəblərə filtirlənmiş internet verdiyini qeyd edib.
İREX-in nümayəndəsi Ələsgər Məmmədli Azərbaycanda internetin tənzimlənməsinin hüquqi əsasları və problemləri barədə məruzə edib: “Yerli qanunverici normalara görə, texniki işlər görməli olan internet provayderləri respublikanın həyatını, onun siyasətini, iqtisadiyyatının ayrı-ayrı sahələrini, rabitəni və sairəni əks etdirən internet səhifələrinin yaradılması və onların serverlərdə yerləşdirilməsini təşkil etmək vəzifəsi daşıyırlar. Bu qədər məntiqsiz, anlaşılmaz norma olarmı? Qanunvericilik abunəçiyə qazanc məqsədi ilə 3-cü şəxsə internet xidməti göstərməyi qadağan edir. Abunəçi dövlət əhəmiyyətli sirləri verməməlidir. Bu qədər də anlaşılmaz normalar olarmı?
Provayder-abunəçi münasibətlərinin tənzimlənməsində də ciddi qüsurlar var. Əgər abunəçi internet almaqdan imtina edirsə, bunu mütləq provayderin razılığından sonra edə bilər. Belə çıxır nə qədər ki, provayderin razılığı yoxdur, abunəçi interneti həmin provayderdən almaqdan imtina edə bilməz. Provayderlə abunəçi arasında bağlanan nümunəvi müqavilə forması anlaşılmazdır. Həmin müqavilə abunəçinin üzərinə çoxsaylı vəzifələr qoyur, provayderə isə çoxlu hüquqlar verir. Halbuki bu tərsinə olsaydı, daha anlaşılan olardı”.
Konfrans müzakirələrlə davam edib.
|
|
![]() |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|



.jpg)